Tapqaraqoyunlu güllə boran edilib
05 Mart 2011 Şənbə 23:21
Ötən gecə ermənilər Tapqaraqoyunlu kəndini 2 saatdan çox intensiv atəşə tutub.
Ötən gecə Goranboy rayonunun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndi 1 saatdan çox intensiv atəşə məruz qalıb. ANS-in əməkdaşları Tapqaraqoyunluya saat 23 radələrində çatıb. Kəndin küçələrində sakitlik hökm sürürdü.
Kənd sakini Cavad Qəhrəmanov deyib ki, təxminən 3 aydır ki, atəş səsləri eşidilmirdi. Ancaq bu axşam bir-birinin ardınca təxminən 2 saat müddətində kəndi atəşə tutdular. Atışma boyunca sakinlər qapalı məkanlarda, sığınacaqlarda daldalanıb. Onlar deyib ki, əsasən kəndin kənarındakı evlərə güllə dəyib. Amma təhlükəli olduğu üçün həmin əraziyə getmək məsləhət görülmür. Sakinlər deyir ki, belə atışma olmamışdı: “Sanki müharibə idi. 1991-92-ci illərdəki vəziyyət idi. Bugünkü kimi bu kənddə atışma olmamışdı”.
ANS-in əməkdaşları erməni mövqeləri istiqamətində yerləşən sonuncu evlərdən birinə baş çəkib. Artıq kəndin gülləbaran edilməsindən 1 saat keçsə də, gecəyarısı olmasına baxmayaraq evdəki balacalar yatmamışdı. Həm Krim müəllimənin, həm də qucağına sığınan nəvələrinin üzündə hələ də atışmadan qalan təlaş və qorxu var idi. Krim Əmiraslanovanın sözlərinə görə, qəfildən necə atəş açılıbsa, sanki evin arxasından qabağına alov töküldü. "Hələ mən belə atışma görməmişdim. Raketin iki dənəsi bizim evin arxasında necə guruldadısa uşaqlar ağlaşdı, çarpayının altına doluşdu. Qorxudan beş dəfə dərman içmişəm. Bu yaşayış deyil, sanki cəhənnəmdə yaşayıram. Qorxumuzdan çölə də çıxa bilmirik”.
Tapqaraqoyunluda mobil rabitə zəifdir. Buna görə kənddə baş verənlərlə bağlı son məlumatları da canlı efirə ev telefonu vasitəsiylə ötürürük. Kənd sakinlərinin erməni mövqelərindən görünməməsi üçün evlərin əksəriyyətində işıqlar söndürülüb. Sakinlər baş verə biləcək hər hansı təhlükəyə vaxtında müdaxilə etmək üçün bu gecəni də dirigözlü açacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: