Suraxanıda qaz idarəsinə ilanlar dolub
04 May 2012 Cümə 23:20
Günün günorta çağı otaqda peyda olan gürzə ilanı işçiləri idarədən didərgin salıb.
Havalar isinəndən bəri Suraxanı Rayon Qaz İdarəsinin Qaz Paylama Məntəqəsində işləyənlər gecə-gündüz rahatlıq tapa bilmir. Səbəb isə tez-tez məntəqəyə ilanların qonaq gəlməsidir. Özü də zəhərli gürzə ilanlarının. İşçilər aprel ayının ortasından indiyə qədər məntəqəyə 20-yə qədər ilanın baş çəkdiyini deyir. İki gün öncə də günün günorta çağı otaqda peyda olan gürzə ilanı işçiləri idarədən didərgin salıb.
“Buradan keçirdim, qoyunu otarmağa aparırdım. Birdən gördüm ki, qız qışqıra-qışqıra gəlib. Baxdım ki, içəridə ilan var. Qız da qorxudan əsir, mən də həmin ilanı öldürdüm” deyən Vəli Kamilov adlı sakin bildirib ki, bu il ilanların sayı çoxalıb. Sürü ilə gəzən ilanlar buradan keçən insanları göz açmağa qoymur.
Qaz Paylama Məntəqəsinin əməkdaşı da məntəqədə ilanla dəfələrlə rastlaşdığını deyir. Bu barədə baş idarəyə xəbər edəndən sonra Sanitar Epidemiologiya Stansiyasından gəlib məntəqəyə baxış keçiriblər.
“Sonra təlimatlar yazdılar ki, ilan sancsa, bizlik deyil, çünki ərazidəki otlar təmizlənməyib. Tutalım, biz bayırdan otu təmizlədik, bəs içərini nə edək? Tavanlar uçuq-sökükdür. İlanlar tavandan başımıza düşür”, - deyə Qaz Paylama Məntəqəsinin operatoru Allahverdi Nağıyev bildirib.
Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov isə deyir ki, əslində ilanları zərərsizləşdirmək üçün zootoksinlər fəaliyyət göstərməlidir. Amma hələ ki, bu işlə məşğul olan yoxdur: “Bizim işimiz elmi iş yazmaqdır. Bizə gənclər gəlir, onlar da ekspedisiyalardadır. Bununla Fövqəladə Hallar Nazirliyin əməkdaşları məşğul olmalıdır. Amma onların tərkibində belə bir qurum yoxdur”.
İ.Ələkbərov deyir ki, əgər onlar Zoologiya İnstitutu ilə müqavilə bağlasalar, onda institut əməkdaş ayırar ki, belə hallarda xalqa xidmət göstərsinlər.
Zoologiya İnstitutunun direktoru onu da bildirib ki, isti havalarda ilanların aktivliyi artır və bununla bağlı ciddi tədbir görülməlidir.
“Azəriqaz” İstehsalat Birliyindən isə deyirlər ki, belə bir halla birinci dəfə qarşılaşmırlar. Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydınbay Amanov deyir ki, ilanlar qaz iyinə həris olduğundan, may aylarında qaz kəmərlərinin ətrafında toplaşırlar.
“Bioloji Müxtəliflik İdarəsi ilə müqaviləmiz var. Onları xəbərdar etdik, sabah onları göndərəcəyik ki, ərazini dərmanlayıb ilanların yuvalarını tapsınlar”, - deyə A. Amanov qeyd edib.
A.Amanov onu da bildirib ki, qaz paylayıcı məntəqələrdə operatorların oturduqları binalar yaxın vaxtlarda yenidən tikiləcək.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdan aldığımız məlumata görə, hava istiləşəndən 6 nəfər ilan sancması ilə şöbəyə yerləşdirilib. Bu rəqəmin artacağı istisna deyil.
DOSTLARINLA PAYLAŞ: