Soyğunçuluq edən idmançılar yaxalanıb
17 Mart 2010 Çərşənbə 23:20
İki cüdoçu bir qadın çantası oğurlayıb
Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib. Araşdırmalar zamanı hadisəni 2 nəfər idmançının törətdiyi məlum olub. Hadisə Bakıxanov qəsəbəsi, Fəltəliyev küçəsi 42 saylı binanın zirzəmisində yerləşən Zamanova Məhbubə Rais qızına məxsus ikinci əl malları satılan dükanda baş verib. Soyğunçuluq barədə polisləri məlumatlandıran da elə zərərçəkən özü olub. O, polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, 2 nəfər naməlum şəxs mağazaya daxil olaraq onun çantasını götürərək aradan çıxıb. Zərərçəkənə ümumilikdə 854 manat dəyərində maddi ziyan vurulub.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İbrahimov İbrahim və Sai Göyçayev yaxalanıb. “İbrahimov İbrahim saxlanılaraq polis bölməsinə gətirilib və əməlini etiraf edib. Bundan sonra Said Göyçayev də saxlanılıb. Hər iki şəxsin üzərindən narkotik vasitə olan heroin və həşiş qətranı aşkar olunaraq götürülüb”,-deyə Sabunçu rayon Rayon Polis İdarəsinin müstəntiqi Anar Siralayev bildirib.

Saxlanılan şəxslərin istintaqa verdikləri ifadələrindən məlum olub ki, qadının çantasına əl uzadan Said Göyçayev olub. Bu işdə İbrahimin vəzifəsi isə qadının başını qatmaq olub. Amma törətdikləri cinayət əməli barədə danışarkən İbrahim dükana bir alıcı kimi, saf niyyətlə daxil olduğunu deyib.

6 ildən çoxdur ki, dostluq etdiklərini deyən saxlanılan Said Göyçayev uzun müddət İbrahimlə birlikdə idmanın gimnastika və cüdo növləri ilə məşğul olduqlarını bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmə maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar