Hadisə

Sosial şəbəkədə tanış olan gənclərin mübahisəsi qanla bitdi

Xəzər dənizi sahilində üzərində çoxsaylı bıçaq xəsarəti olan gənc oğlanın meyiti tapılıb

· Xəbərçi
Sosial şəbəkədə tanış olan gənclərin mübahisəsi qanla bitdi
Paytaxtın Səbail rayonu ərazisində qətl hadisəsi baş verib. Rayon polis idarəsindən verilən məlumata görə, Bibiheybət qəsəbəsində Xəzər dənizi sahilində üzərində çoxsaylı bıçaq xəsarəti olan gənc oğlanın meyiti tapılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Qaradağ rayon sakini Kərimli Toğrul Adil oğludur. Onu Xəzər rayonunun Binə qəsəbəsinin sakini, 1991-ci il təvəllüdlü Cahangirov Elnur Məzahir oğlu qətlə yetirib.

Məlumata görə, iki gənc sosial şəbəkələrdən birində tanış olaraq yazışırmış. Söhbətlərin birində onların sözü çəp gəlib və bir-birilərini söyüblər. Bundan sonra gənclər dəniz kənarında görüşərək mübahisələrini həll etməyi qərara alıb. Onların mübahisəsi qətllə nəticələnib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər