Sel Cəlilabadda körpünü uçurdu
01 Mart 2011 Çərşənbə Axşamı 14:31
Sakinlər 3 gündür dağılan körpünün hələ də bərpa edilmədiyini bildirir
Cəlilabad rayonunda son günlər yağan güclü yağış və qarın yaratdığı sel rayonun Muğan kəndi ilə Maşlıq kəndi arasında taxta körpünün uçmasına səbəb olub. Maşlıq kənd sakininlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 3 gündür dağılan körpü hələ bərpa olunmayıb. Nəticədə Maşlıq kəndi ilə digər kəndlərin əlaqəsi kəsilib.
Cəllabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının I müavini Asif Əzizov ANS PRESS-ə açıqlamasında hazırda rayonun sel basan ərazilərində təmir-bərpa işləri aparıldığını bildirib.
"Rayonun Muğan kəndi ilə Maşlıq kəndi arasında uçan taxta körpünün bərpası ilə əlaqədar işlər görülür. Əraziyə lazımi texnika və işçi qüvvəsi cəlb edilib”, - deyə Asif Əzizov qeyd edib.
Onun sözlərinə görə, Maşlıq kəndi heç də təcrid olunmuş vəziyyətdə deyil. Kəndə gediş-gəliş üçün alternativ yol var.
“Sadəcə vətəndaşlar problemləri şişirdirlər. Vətəndaşlar yardım almaq üçün vəziyyəti yalandan gərginləşdirirlər”, - deyə Asif Əzizov əlavə edib.
Xatırladaq ki, son 1 həftə ərzində aramsız yağan qar və yağış rayonun dağ çaylarında suyun səviyyəsinin qalxmasına, düzənlik ərazidəki evlərin sel sularına məruz qalmasına səbəb olub. Rayonun Yeni Yaşayış massivi, o cümlədən Quşçuluk fabriki adlanan ərazisi, çökək yerlərdəki bir sıra evlər, 10 hektarlarla əkin sahəsi su içərisindədir.
FHN selin vurduğu ziyanı aradan qaldırmağa çalışır, “Daş kanalı” adlanan su kanalının bəndləri möhkəmləndirilir. Bəndlər qum dolu kisələrlə hasarlanır.
DOSTLARINLA PAYLAŞ: