Şamaxıda sel və daşqın fəlakətə səbəb olub
08 May 2012 Çərşənbə Axşamı 22:43
Nəticədə 22 yaşlı gənc dağdan gələn selin qurbanı olub.
Mayın 6-dan başlayaraq Şamaxı rayonuna yağan güclü leysan yağışları səbəbindən əmələ gələn sel suları dağ ətəyi kəndlərə xeyli ziyan vurub. Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov APA-ya bildirib ki, leysan yağışları bu gün günortadan sonra daha da güclənib və dağətəyi kəndlər olan Çöl Göylər, Ovculu və Bağırlını sel basıb, əkin sahələrinə, fərdi yaşayış evlərinə, tövlələrə, daxili küçələrə xeyli ziyan dəyib.
Bu gün axşam saatlarında Ovculu kənd sakini 22 yaşlı Alməmmədov Bilal Ağamustafa oğlu naxırdan camaatın qoyunlarını kəndə gətirərkən dərənin arasında qəflətən dağdan gələn selin qurbanı olub. Bilal Alməmmədov sel sularında boğularaq dünyasını dəyişib. Ovculu kənd icra nümayəndəliyinin mühasibinin oğlu olan Bilal Alməmmədov sabah ailə həyatı quracaqdı və valideynləri onun toy məclisinə hazırlıq işləri görürdü.
Qasım Qasımlının sözlərinə görə bu gün rayonun Carham kəndinə güclü yağışla yanaşı, diametri 1.5-2 santimetr olan dolu yağıb, üzüm sahələrinə, meyvə-tərəvəzə xeyli ziyan vurub. Sel sularından mal-qara arasında da tələfatın olması istisna edilmir. Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırır. Yağış, sel və dolunun təsərrüfatın ayrı-ayrı sahələrinə vurduğu ziyanın məbləği hesablamalardan sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: