Şahdağ Milli Parkında yanğın olub
    03 Dekabr 2010 Cümə 16:30
    Dünən axşam başlayan yanğının qarşısı bu gün səhər saatlarında alınıb
    
                	 
    
         Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyində yanğın olub. Hadisə ötən gün saat 19:00-da 5 saylı dolayının bələdiyyə ilə sərhəd ərazisində baş verib. Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kosun yanması müəyyən edilib, köküstə ağaclara ziyan dəyməyib.
 
 Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində 3 dekabr 2010-cu il tarixində  səhər saatlarında yanğının qarşısı alnıb.
 
 Həmçinin məlumatda bildirilir ki, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə təxribat xarakterli  yanğınlar törədilib.
 
 Sözügedən yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.
 
DOSTLARINLA PAYLAŞ: