Ruhi xəstə hirsini qonşusundan çıxıb
15 İyun 2010 Çərşənbə Axşamı 23:50
Bakı sakini qonşusuna iki bıçaq zərbəsi yetirib.
Müalicə olunmaq üçün Ruhi Əsəb Dispanserinə qəbul oluna bilməyən ruhi xəstə hirsini qonşusundan çıxıb. Özü də bıçaqla. Hadisə Nəsimi rayonunun Süleyman Rüstəm küçəsi 40 ünvanında qeydə alınıb.
Paytaxt sakini 25 yaşlı Səmədov Vəliyəddin Əşrəf oğlu bir neçə bıçaq xəsarəti ilə Klinki Tibbi Mərkəzə çatdırılıb. Döş qəfəsinin hər iki kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır oluduğundan onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Baş vermiş hadisəni araşdırmaq üçün əraziyə dərhal Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin və rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilib.
Məlum olub ki, Səmədov Vəliyəddini bıçaqlayan yaralının qonşusu, Bakı şəhər sakini Heydərov Rəhim Heydər oğludur. Saxlanılaraq istintaqa cəlb olunan Rəhim ilkin ifadəsində qonşusunun kürək nahiyəsinə iki bıçaq zərbəsi yeritməsinin səbəbini aralarında baş verən şəxsi münaqişə ilə əlaqələndirib. Məhkəmə-tibbi ekspertizasının rəyindən sonra Rəhim Heydərovun ruhi xəstə olduğu məlum olub.
Hadisə şahidlərinin sözlərinə görə, saxlanılan Heydərov hər gün Ruhi Əsəb Dispanserinin yanına gələrək xəstəxanada yatmaq istəyinin bildirib. Ancaq onu xəstəxanaya qəbul etmədiklərindən gününü Süleyman Rüstəm küsəçi 40 ünvanında keçirən Rəhim elə hadisə baş verəndə əlinə bıçaq alaraq gəlib oturub daşın üstündə. Evlərinin qabağına çıxan Vəliyyədin isə Rəhimi görərək yanına gəlib və aralarında mübahisə yaranıb. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda Rəhimə qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (ölümə cəhd) maddəsi ilə cinayət işi başlanıb və rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: