Qubada toyda kütləvi zəhərlənmə: 20 adam xəstəxanaya aparıldı
11 İyul 2012 Çərşənbə 01:30
İlkin ehtimala görə zəhərlənməyə spirtsiz içkilər səbəb olub.
Quba rayonunun Bərqov kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, toy məclisi ötən gün saat 13.00-da başlayıb və saat 17.00-da bəzi qonaqlar səhhətlərində yaranan nasazlıq səbəbilə Quba rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə çatdırılıb.

Şöbə müdiri Nizami Güləhmədovun ANS PRESS əməkdaşına verdiyi məlumata görə, xəstəxanaya zəhərlənmə şübhəsi ilə 9 kişi, 9 qadın və 2 uşaq olmaqla 20 nəfər gətirilib.

Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzi faktla bağlı araşdırmalara başlayıb. Mərkəzin Epidemiologiya şöbəsinin müdiri Xanım Məmmədova toyda istifadə olunan yeməklərdən və meyvə şirələrindən nümunələr götürüldüyünü və araşdırılmaq üçün Bakıya göndərildiyini bildirib.

Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tahir Nuriyev ilkin ehtimala görə zəhərlənməyə spirtsiz içkilərin səbəb olduğunu, dəqiq səbəblərin isə araşdırmalardan sonra məlum olacağını deyib.

Xəstəxanaya çatdırılanlardan 2 nəfəri uşaq olmaqla 3 nəfərin vəziyyətinin ağır, 3 nəfərin isə orta ağır olduğu bildirilib. 5 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar