Qəbir dəllallarının sirri
26 Noyabr 2012 Bazar Ertəsi 13:24
ANS PRESS yas mərasimlərinin Bakı sakinlərini müflis etməsinin səbəblərini araşdırıb
Bakıda yaşayan Qurbanovlar ailəsinin üzvləri 1979-cu ildə Yasamal qəbristanlığında dəfn edilmiş ataları Ağadadaşın məzarının yerini tapa bilmirlər. Həm qəbirə gedən yollar dəyişib, həm də o tərəflərdə yeni məzarlar peyda olub ki, qəbir itib. Əslində, bir müsəlman kimi qəbirin itməsini daha doğru sayan ailədə bu, əsas narahatçılıq yaradan səbəb deyil. Başlıca qorxuları qəbrin yerinin satılması ilə bağlıdır. Söz-söhbət gəzir ki, Bakının bəzi qədim qəbristanlıqlarında yiyəsiz köhnə qəbirləri ləğv edirlər və baha qiymətə yeni müştərilərə satırlar. Deyilənə görə, bu zaman boş qəbir yerlərinin satılması da mümkündür və satıcı kimi həmin qəbir yerini xeyli əvvəl “satın almış” vətəndaş olur.
Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti hansı qəbristanlıqda məzar yerinin neçəyə olması barədə məlumatlıdır. Ən bahalı qəbristanlıq Yasamaldakı sayılır - burada qəbir yerinin qiyməti yola yaxınlığından asılı olaraq 800 - 16 min manat arasında dəyişir. Buna görə də, həmin çevrədə qəbristanlıqla yaxından əlaqəsi olan adamlar - gül satanlar, daş yonanlar, mollalar, taksi sürücüləri və s. məzar yeri üçün gələnləri həmin zonada yerləşən daha ucuz qəbristanlara - Badamdar və Qurd qapısı qəbristanlarına yönəldirlər.
O cümlədən, ANS PRESS əməkdaşına da bu cür məsləhətlər verənlər tapıldı. Onların dediyinə görə, Qurd qapısı qəbristanlığında rahatlıqla 500 manata yer tapmaq olar, Badamdar qəbristanlığına gəldikdə isə, bu, əslində şəhərin ən ucuz qəbristanlığı sayıla bilər. Orada ölü yiyəsinin imkanından asılı olaraq 150 manatdan 300 manata kimi qəbir yeri əldə etmək olar. Özü də bu qiymətə qəbrin qazılması və hörülməsi, fəhlə pulu da daxildir. Bu ucuzluq Badamdar qəbristanlığını son zamanlar imkansız adamlar, xüsusilə də qaçqın və məcburi köçkünlər arasında çox populyar edib.
Lakin bununla belə, bu qəbristanlıqda da ən aşağı qiymət Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən müəyyən edilmiş qiymətlərdən təxminən iki dəfəyə qədər yüksəkdir. Trest tərəfindən idarə olunan 28 qəbristanlıqda uzunluğu 2,4 metr, eni 1,4 metr və dərinliyi 1,4 metr ölçülü qəbrin yeri üçün 49 manat, qəbrin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə, materialların qiyməti istisna olmaqla, 63 manat müəyyən edilib. Əgər ölü tabutla dəfn olunursa, qiymət 79 manata qalxır.
Camaatın dediyinə görə, Bakının əksər qəbristanlığında qiymət bundan bir neçə dəfə bahadır, Məsələn, Biləcəri, Masazır, Biləcəri, Binəqidə və Günəşli qəbristanlıqlarında ən ucuz məzar yerinin qiyməti 400 manatdan başlayır. Bu məsələnin ən qəribə və arzuolunmaz tərəfi insanların hələ diriykən özlərinə qəbir yeri alması ilə bağlıdır ki, qanun müstəvisində cinayət sayılan bu əməl çox vaxt başqa cinayətlərlə də müşayiət olunur. Məsələn, bir neçə ay qabaq Binəqədi qəbristanlığının müdiri bir ailə tərəfindən əvvəlcədən alınmış 15 qəbir yeri ilə bağlı yaranmış qalmaqalda həm kəndlisini bıçaqlamışdı. Buna səbəb isə daha 7 qəbir yeri almaq istəyən imkanlı kənd sakinlərinin məqsədlərinə çatmadıqda qəbristanlıq müdirinin oğlunu güllə ilə vurması olmuşdu. Hadisə ilə bağlı artıq bir neçə adam həbsxanadadır.
Göründyü kimi, demək olar ki, hamısı dövlət torpağı olan qəbristanlıqlarda möhtəkirlər tərəfindən böyük gəlirlər gətirən qeyri-rəsmi bir biznes qurulub. Hər il Bakıda qeydiyyatda olan 12 minə qədər insan dünyasını dəyişir və şəhərdə məskunlaşmış məcburi köçkünlər də nəzərə alınarsa, bu rəqəm 15 mini keçir. Möhtəkirlərin hər qəbirdən əldə etdiyi qanunsuz gəlirin orta hesabla 300 manatı keçdiyi nəzərə alınarsa, bu qanunsuz günah dövriyyəsinin gəliri ildə ən azı 4-5 milyon manata bərabər olur. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmuş həmin kontingent həm də dini baxımdan böyük günah işlətmiş olur. Hər halda, onlar bu əməlləri ilə torpaqdan yaranmış bəndənin torpağaqayıtmasına şeytani maneçilik törədirlər.
Əslində, qəbir yerlərinə dövlət qiymətinin müəyyən edilməsi də bir növ məntiqə sığmır və insanın ölmək kimi təbii haqqını bir növ qohumları üçün çətin bir prosesə çevirir. Yəni ölü yiyələri bilmirlər ki, acılarını paylaşsınlar, yoxsa dəfn üçün pul axtarsınlar. Kimsəsizlərin dəfni isə günlərlə uzanan çətin bir prosesə çevrilir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə qəbir yerlərinin satılmasını, bu yerlərə qiymət kəsilməsini dinsizlik sayır: “Biz fətva vermişik ki, qəbir yerlərini satmaq olmaz. Hər adamın eni 1 metr, uzunu 2 metr olan yerdə dəfn olunmaq hüququ var. Bunu dəfələrlə demişik, Qazilər Şurası fətva da verib, qulaq asan yoxdur, dinsizlikdir. Həmin adamlar din barədə yox, yalnız pul barədə düşünürlər”,- deyə Hacı Mirəziz ağa ANS PRESS-ə bildirib.
Yas sahiblərinin çəkdiyi xərclər yalnız bununla bitmir - ölünün yuyub kəfənləmək təxminən 60 - 65 manata başa gəlir, mollanın 1, 3 və 7 günlərini yola verməsi üçün 200 - 250 manat lazımdır. Ən çox pul aparan məsələ isə yas mərasimidir - kirayə şirkətləri 60 nəfərlik çadırın gününü 200 manata təklif edirlər, aşpaz və 2 nəfər xidməçi də əlavə etdikdə qiymət 260 manata qalxır. Bəzi çadırlar yemək də təklif edirlər və adambaşına qiymət 12 - 16 manat arasında dəyişir. ANS PRESS-in araşdırmasına görə, Bakıda təziyyə məclisinə qadınlı-kişili təxminən 500 adam gəlir və belə çadırlarda təkcə yeməyin qiyməti 6 min manatı keçir. Bəzi ailələr yeməyi özləri təşkil edirlər və bu, xərcləri nisbətən azaldır. Bununla belə, mərasim xərcləri orta hesabla 5 - 7 min manat arasında dəyişir.
Çadırla yas mərasimi yola salmağın bir sıra inzibati çətinlikləri də var və bu praktika əsasən mikrorayon tipli yaşayış massivlərində, iri həyəti olan binalarda tətbiq edilir. Şəhərin mərkəz hissəsində isə çadır mütləq yolda qurulmalıdır və bu da yol hərəkəti qayadalarının pozulması deməkdir, çünki yol hərəkətini dayandırır. Bu yol hərəkəti qaydalarının 162-ci və 163-cü maddələrinin pozulması deməkdir. Belə olan şəraitdə vətəndaşlar yas mərasimini əsasən qəbristanlıqların və ya məscidlərin yaxınlığında yerləşən mərasim salonlarında keçirirlər ki, bu da nisbətən ucuz variantdır. Bu salonlarda adam sayından asılı olaraq bir nəfərə xidmət yemək daxil 10-12 manat təşkil edir, yəni 100 nəfərdən az adama xidmət edildikdə qiymət 12 manat olur, 100-dən yuxarı qiymət 11 manata, 200 nəfərdən yuxarı isə 10 manata düşür. Adətən belə salonlarda sadəcə 3 mərasimi verilir və təziyyəyə orta hesabla 250-300 adam gəlir, yəni yası dəfn xərcləri xaric 3 min manata yola vermək olar.
Amma bu da sadə şəhər insanı üçün, xüsusilə də Azərbaycanın yas da aza pulu yığmayan bölgələri - Gəncə və Bakı şəhərlərinin, Şirvan bölgəsinin əhalisi üçün böyük çətinliklər yaradır. Bəzi ailələr hətta yası yola vermək üçün bank kreditlərinə müraciət edirlər.
İlahiyyatçı alim İsmayıl Əhmədov bütün bu xərcləri - qəbristanlıq və mərasim xərcləri olmadan, molla gətirmədən də yas mərasimini yola verməyi şəriətə uyğun sayır. Onun fikrincə, sadəcə qohumları ölünü özləri yuyaraq təmiz ağ parça ilə kəfənləyə bilərlər. Molla da gətirmədən bir nəfər fatihə oxuyaraq cənazə namazı qılına bilər və heç bir ehsana-filana da gərək yoxdur, şəriət bunu tələb etmir. İlahiyyatçı alimin sözlərinə görə, pulu olmayan adamın ölü qəbristanlıqda yox, hər hansı boş yerdə - əgər problem yaratmırsa özünə məxsus həyət bağçasında və ya heç kimə məxsus olmayan bir uzaq yerdə basdırmağı da şəridir. Qeyd edək ki, əslən rayondan olan əhali bu məsələni cənazəni kəndə apararaq ordakı pulsuz qəbirstanlıqlarda basdırmaqla həll edirlər.
Lakin bu məsələ bakılılar və rayondan çoxdan aralanmış, orada heç bir qohumu olmayan sakinlər üçün qeyri-mümkün görünür. Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov onların bu problemini həll etməyi mümkün sayır. Baş mühəndisin sözlərinə görə, əhaliyə qəbir yerlərini dövlət qiymətindən baha satanlar dəllallar və möhtəkirlərdir: “Onların bu əməlləri cinayətdir və hər bir hal üçün polisə müraciət edilməlidir. Kimsə əhaliyə dövlət qiymətindən yuxarı qəbir yeri təklif edirsə, deməli, bizim işçi deyil. Bizdə hər şey dövlət qiymətinədir, qoy əhali bizə müraciət etsin”,- deyən dövlət məmuru həm də Bakının Hövsan və Qurd qapısı qəbristanlıqların kimsəsizləri və imkansızları dəfn etmək üçün pulsuz ərazilərin də olduğunu vurğulayır.
DOSTLARINLA PAYLAŞ: