Prokuror köməkçisi 30 min manat rüşvət istəyib
18 Aprel 2012 Çərşənbə 23:37
Baş Prokurorluq Füzuli rayon prokurorunun sabiq böyük köməkçisinin həbsi barədə məlumat yayıb.
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan istintaqla tutduğu vəzifədən kənarlaşdırılmış Füzuli rayon prokurorunun sabiq böyük köməkçisi Çingiz Mövsümovun prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyi müəyyən edilib. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Çingiz Mövsümov Füzuli rayon prokuroru vəzifəsini icra edərkən Tural Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə prokurorluqda istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror kimi ona tamah məqsədilə qəsdən adam öldürməyə görə ittiham verilməməsi üçün 7 yanvar 2010-cu il tarixdə təqsirləndirilən şəxsin əmisi Arzu Kərimovdan 2.500 manat pul alıb, bundan əlavə Tural Kərimovun məhkəmə tərəfindən təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasını təşkil etməkdən ötrü 30.000 manat məbləğində pul istəyib.
Xidməti intizamın kobud pozuntusuna, prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan və cinayət qanunvericiliyi ilə təqib olunan hərəkətlərə yol verdiyinə görə Füzuli rayon prokurorunun böyük köməkçisi Çingiz Mövsümov Baş Prokurorluq üzrə müvafiq əmrlə prokurorluq orqanlarından xaric edilib.
Həmin fakta görə Çingiz Mövsümov barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Törətdiyi cinayət əməllərinə görə Mövsümov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: