Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
12 Aprel 2012 Cümə Axşamı 05:49
Polislər təhlükəsizlik kameraları ilə həmin nəqliyyat vasitəsinin sahibinin tapmağa çalışır.
Ötən gecə paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 50 ünvanında piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yolu keçmək istəyən 41 yaşlı Əzimli Mirşah Mirağa oğlu naməlum avtomaşının zərbəsi ilə üzləşib. Zərbənin təsirindən piyada yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “VAZ 21015” markalı avtomaşına çırpılıb. Hadisə şahidləri tərəfindən xəstəxanaya çatdırılan Mirşah Əzimli yolda dünyasını dəyişib.

Qeyd edək ki, piyadanı vuran sürücü hadisədən sonra idarə etdiyi avtomaşınla birlikdə qəza baş verən ünvandan yayınıb. Qəza barədə məlumat daxil olan kimi Yasamal rayon polis idarəsi və 27-ci polis bölməsinin əməkdaşları əraziyə yollanıb. Hadisə yerində ilkin araşdırma aparılıb və şahid ifadələri alınıb.

Hadisə barədə artıq Yasamal rayon polis idarəsinin müstəntiqi Əli Məsimov tərəfindən cinayət işi başlanılıb. Əldə etdiyimiz ən son məlumata görə piyada Mirşah Əzimli digər bir “VAZ 21015” markalı nəqliyyat vasitəsi tərəfindən vurulub. Hazırda polislər qəzanın baş verdiyi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə həmin nəqliyyat vasitəsinin sahibinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar