Ötən il 18 nəfər daxili orqanlarında Azərbaycana narkotik keçirmək istəyib
16 Yanvar 2011 Bazar 03:55
Dövlət Gömrük Komitəsi: “Azərbaycan vasitəsilə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə narkotik ötürülməsinə cəhdlər var”.
2010-cu il ərzində Azərbaycan Respublikası gömrük orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 2010-cu ildə 17215 hüquqpozma faktı aşkar edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin internet saytında yerləşdirilib. Məlumatda deyilir ki, bu faktlardan 264-ü (2009-cu illə müqayisədə 1,63 dəfə çox) cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 42 min 375 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 294 nəfərin (224 Azərbaycan vətəndaşı, 70 xarici) barəsində müvafiq tədbirlər görülüb. Cinayət faktlarından 61-i Biləsuvar, 54-ü Astara, 35-i BBGİ, 25-i HNBGİ, 23-ü Xaçmaz, 20-si Avtonəqliyyat, 19-u Tovuz, 11-i Balakən, 10-u DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi, 3-ü Culfa, 1-i Yevlax, 1-i Xudafərin, 1-i Şahtaxtı gömrük idarələri tərəfindən aşkar olunub.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci il)”ın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2010-cu il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunub ki, bu da 2009-cu ildə aşkar olunmuş faktlarla müqayisədə 2,26 dəfə çoxdur. 2010-cu ildə 319 kq 098 qramdan çox narkotik, o cümlədən, 224 kq 288 qramdan çox həşiş, 42 kq 850 qram heroin, 34 kq 47 qram tiryək, 28,6 qrama yaxın marixuana, 17 kq 272 qram metamfetamin maddəsi, 574 qrama yaxın psixotrop maddə (ampul, kapsul və həb şəklində), 7,6 qram metadon qanunsuz dövriyyədən götürülüb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 142 nəfəri kişi, 16 nəfəri qadın olmaqla, ümumilikdə 158 nəfər barəsində müvafiq tədbirlər görülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 2-si Rusiya, 1-i Gürcüstan vətəndaşları olmuşdur.

2010-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edir. Hesabat ilində narkotik axtarışı üzrə kinoloji itlərin tətbiqi nəticəsində 11 fakt aşkar olunub və narkoqaçaqmalçılardan 10 kq 429 qram narkotik götürülüb. İl ərzində narkotiklərin keçirilməsi üçün narkoqaçaqmalçıların çox müxtəlif gizlətmə üsullarından istifadə etdikləri müəyyənləşdirilib. Belə ki, narkotiklər 18 halda daxili orqanlardan (mədə, düz bağırsağ və qadın cinsiyyət orqanlarından), 16 halda müxtəlif heyvan fiqurlarının içərisindəki xüsusi düzəldilmiş gizli yerdən, 7 halda ikiqat içlikli çamadanlardan, 3 halda şəkil və qapı çərçivələrindən aşkar olunub, bununla yanaşı yapışqanlı lentlə bədənin (o cümlədən, azyaşlı uşaqların bədəninin) müxtəlif hissələrinə bağlamaqla, divar saatında, təkər içərisində, yanacaq çənində, samovar borusunda, siqaret qutusunda, ayaqqabı dabanında, mobil telefonun içərisində, şirə qutusunda, avtomobillərin müxtəlif hissələrində, müxtəlif yüklərin içərisində, paltarlara hopdurmaqla və digər üsullarla keçirməyə cəhdlərin qarşısı alınıb.

Aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib.

2010-cu ildə Azərbaycan və İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçirilməklə hava nəqliyyatı ilə (Bakı-İstanbul, Bakı-İstanbul-Kuala-Lumpur, Bakı-Moskva-Banqkok aviareysləri ilə) digər ölkələrə metamfetamin maddəsinin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlərlə bağlı 4 fakt aşkar edilib, 17 kq 272 qram güclü təsirə malik metamfetamin psixotrop maddəsi qanunsuz dövriyyədən çıxarılıb.

DGK-nın və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2010-cu il tarixdən 17 sentyabr 2010-cu il tarixədək olan müddət ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 16 fakt üzrə 28 kq 855 qramı tiryək, 10 kq 170 qramı heroin olmaqla, ümumi çəkisi 39 kq 025 qram narkotik vasitə, 1 ədəd PSM sistemli “Makarov” tipli tapança və onun patronları, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülüb. Qeyd olunan narkokanalın təşkilatçılarından və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvlərindən olan İran İslam Respublikasının vətəndaşı Ezzataddin Mostafavi və Azərbaycan Respublikasının vətəndaşı Elçin Cəfərov barəsində cinayət işi qaldırılmaqla onlar həbs olunub. Narkotiklərin təyinat ölkələrinin gömrük xidmətləri və aidiyyəti beynəlxalq təşkilatlar faktla bağlı məlumatlandırılıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Rusiya Federal Gömrük xidməti ilə birlikdə həyata keçirilmiş məqsədyönlü kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 18.08.2010-cu il tarixində Həştərxan limanında, İrandan Rusiyaya beynəlxalq dəniz yükdaşımalarını həyata keçirən “Vəfa” adlı gəmidə, qranit və digər üzlük daş partiyalarının içərisində 30 bağlamada 49 kq 995 qram həşiş aşkar edilərək götürülüb, Rusiyanın Sankt-Peterburq və İvanovo şəhərlərində bu narkokanalın təşkilatçıları olan İran və Rusiya vətəndaşları tutularaq barələrində müvafiq tədbirlər görülüb.

2010-cu il ərzində aşkar olunmuş 16951 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 509 hüquqi şəxs (o cümlədən, 153 xarici hüquqi şəxs) və 16471 fiziki şəxs (o cümlədən, 10569 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 342 min 659 manatdan çox cərimə tətbiq olunmaqla, dəyəri 179 min 143 manat olan mallar müsadirə edilib.

Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, müvəqqəti idxalı, aksiz markasız idxalı, gömrük ödənişlərindən yayınma ilə əlaqədar olub.

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, valyuta nəzarəti orqanı olan gömrük oranları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 1 556 192 ABŞ dolları, 210 100 avro, 16 611 717 rus rublu, 7470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kq 805 qram qızıl, 14 kq 275 qram gümüş, 2633 karat brilyant daşlar tutulub.

Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı və digər qanunvericilik aktları ilə gömrük orqanlarına həvalə edilmiş alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirilib, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 592 min ədəddən çox xaricdə istehsal olunan siqaret, 7963 ədəd spirtli içki saxlanılıb.

Bundan əlavə gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd “Makarov” tipli tapança və onun patronları, 2483 ədəd mobil telefon, 2824 ədəd pirotexniki vasitələr və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbirlər görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar