“Körpəmə deyəcəyəm ki, sən hələ dünyaya gəlmədən olimpiadada iştirak etmisən”
“Körpəmə deyəcəyəm ki, sən hələ dünyaya gəlmədən olimpiadada iştirak etmisən”. Bunu malaziyalı güllə atıcısı Nur Suryani Muhamməd Taibi deyib. Qeyd edək ki, şənbə günü keçiriləcək 10 metr məsafədə pnevmatik silahla güllə atıcılığı müsabiqəsində iştirak edəcək Taibi 8 aylıq hamilədir.
Güllə atıcılığına başladığı 1997-ci ildən olimpiada xəyalı qurduğunu deyən Taibi yanvarda hamilə qaldığını öyrənəndə qanının qaraldığını, daha sonra əri ilə birlikdə dua etdiyini və olimpiadada iştirak etməyə qərar verdiyini deyib.
Bəzilərinin ona dəli, bəzilərinin isə eqoist dediyini qeyd edən xanım idmançı heç kimə qulaq asmadığını, sadəcə öz hədəfini düşündüyünü vurğulayıb. “Hədəfim şənbə günü keçiriləcək müsabiqədən Malaziyaya bu sahədə ilk qızıl medalı aparmaqdır”.