Nəzir qutularını oğurlayan dəstə ifşa olunub
02 Fevral 2011 Çərşənbə 15:15
Məscid və ziyarətgahlardan oğurluq edən dəstə müəyyənləşib
Başa çatan yanvar ayında Lənkəranda ən sensasiyalı cinayət işinin üstü açılıb. Rayon polis şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri 20 yaşlı Aleksandr Konstantinoviç Qaraqulya, Tural Əflatun oğlu İsmayılov və Fərahim Afərin oğlu Vəliyevdən ibarət dəstə üzvləri əvvəlcə 21 yanvar 2011-ci ildə gecə saat 23.00 radələrində Lənkəran şəhər kiçik Bazar ərazisində yerləşən məscidin qarşısından içərisində dəmir və kağız pul olan nəzir qutusunu oğurlayıblar.

Onlar daha sonra ziyarətgahlardakı nəzir qutularını hədəf seçiblər. 24 yanvar axşam saat 22.00 radələrində Aşağı Nüvədi qəbristanlığındakı ocaqdan, 25 yanvarda isə Şovu kəndində yerləşən Baba Rəhman ocağından icərisində dəmir və kağız pul olan nəzir qutularını oğurlayıblar.

Hazırda Lənkəran polisi mütəşəkkil dəstənin daha hansı ziyarətgahlardakı nəzir qutularına tamah saldığını araşdırır. Artıq cinayətin törədilməsində vasitə olan Fərahim Vəliyevə məxsus “VAZ-21011” markalı avtomobil müəyyən olunaraq polis şöbəsinə gətirilib. Qeyd edək ki, nəzir qutularının həcmi böyük olduğundan dostlar onları maşına qoyaraq hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Lənkəran rayon polis şöbəsinin istintaq bölməsində AR CM-nin 177.2.1-ci (Oğurluq hadisəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma
aparılır.

Qeyd edək ki, bu maddəyə görə təqsirləndirilən şəxsləri 3 ildən 7 ilə kimi həbs cəzası gösləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar