Nəqliyyat Nazirliyi: Qatara çırpılan avtobus qanunsuz fəaliyyət göstərirmiş
22 Noyabr 2011 Çərşənbə Axşamı 21:40
Bakının müxtəlif yerlərində qanunsuz mikroavtovağzalların yarandığı bildirilir.
Məlumat verildiyi kimi Bakıda yüksək sürətlə idarə olunan “İkarus” markalı iritutumlu sərnişin avtobusu yolu keçən yük qatarına çırpılıb. Şahidlərin sözlərinə görə, sürücü sükan arxasında ani olaraq yuxuladığından qəza baş verib. Sürücü ağır vəziyyətdə olduğu üçün hadisənin baş verməsi səbəbləri barədə onun ilkin ifadəsini almaq hələlik mümkün olmayıb.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov qəzaya uğramış avtobusun qeyri-qanuni xəttə çıxdığını deyib. O həmçinin paytaxtın müxtəlif yerlərində bu cür qanunsuz fəaliyyət göstərən mikroavtovağzalların yarandığını da söyləyib.
Onun sözlərinə görə, “Şamaxinka” deyilən ərazidə, Bayılda, “28 may” metrostansiyası ətrafında, həmçinin Balaxanı və Sabunçu istiqamətində bu tip avtobuslar qeyri-qanuni saxlayırlar. N.Həsənov bildirib ki, bu tip avtobuslar sərnişindaşıma ilə məşqul olurlar.
Nəqliyyat Nazirliyinin rəsmisi həmçinin gecə saatlarında sərnişin avtobuslarının sürücülərinə sərnişin daşımağa qoyulan qadağanın aradan götürülmədiyini də deyib.
Nəqliyyat sahəsində ekspert Seymur Yunusov isə bu qadağanın sərnişinlərə narahatlıq yaratdığını deyərək, avtobus sürücülərin də bundan istifadə etdiyini söyləyib. Avtobusların iştirakı ilə qəzaların sayının artmasına gəldikdə, ekspert əsas səbəb kimi yüksək sürəti göstərib.
“Dəfələrlə özüm onların sürətini ölçməyə çalışmışam. Bu gün yollarda 120-130 km/saat sürətdən aşağı gedən avtobus yoxdur. Bunların müştəri bazası var. Çünki gecə yola çıxmaq istəyən müştərilər çoxdur. Bu bəzi sürücüləri şirnikləndirir. Onlar avtobusu götürüb qeyri-qanuni da olsa sərnişin daşıyırlar”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, lisenziysız daşımalar həyata keçirən avtobus sürücüləri 100 manat, lisenziya şərtlərini pozulduğuna görə isə 50 manat çərimə olunur.
DOSTLARINLA PAYLAŞ: