MTN İrandan Azərbaycana narkotik daşıyan şəxsləri ifşa edib
19 Mart 2012 Bazar Ertəsi 16:05
Onlardan ümumilikdə 9 kiloqram 700 qramdan artıq narkotik aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib. MTN-in ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşları - Rəhimov Malik Yelmar oğlu, Heydərov Soltan Əhməd oğlu, Alışov İlqar Həmdulla oğlu, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Əziz adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətiriblər. Qrupun üzvləri yaxalanıb, onlardan 2 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Elməddin Şəmsəddin oğlu və Quliyev Elxan Qulu oğlu saxlanılıblar. Belə ki, Elməddin Kərimov, Elxan Quliyev və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Elməddin Kərimov, Elxan Quliyev, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Cəfər və Əziz adlı vətəndaşları arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, sonuncular külli miqdarda narkotik vasitəni İranda satış məqsədilə qanunsuz olaraq əldə edib, qaçaq yolla Füzuli rayonu istiqamətindən İrandan Azərbaycana gətirmiş və Arayatılı kəndi yaxınlığında Elxan Quliyevə təhvil veriblər. Elxan Quliyev də həmin narkotik vasitələri Elməddin Kərimova İmişli rayonunun Bəhramtəpə qəsəbəsinin yaxınlığında verilməsi barədə sonuncu ilə razılaşıb. Elməddin Kərimov idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə İmişli rayonunun Bəhramtəpə qəsəbəsinə gələrək Elxan Quliyevi gözləməyə başlayıb. Lakin sonradan Elməddin Quliyev görüş yerini Beyləqan rayonu ərazisinə dəyişib. Elxan Quliyev yolüstü taksi avtomobili ilə Elməddin Kərimovun gözlədiyi yerə gəlib sonuncunun idarə etdiyi avtomaşınla yenidən Füzuli rayonuna qayıdaraq həmin narkotik vasitələri təhvil verməyi planlaşdırıb. Lakin Elxan Quliyev Beyləqan rayonu ərazisində, onu gözləyən Elməddin Kərimov isə İmişli rayonunun Bəhramtəpə qəsəbəsində saxlanılıblar. Elxan Quliyevin yaşadığı Füzuli rayonunun Arayatılı kəndində yerləşən evində keçirilmiş baxış zamanı 1 kiloqram 200 qramdan artıq heroin, 2 kiloqram 901,1 qram olan tiryək və 1 kiloqrama yaxın həşiş qətranı aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Quliyev Yusif Rüfət oğlu, Feyziyev Zəfər Ağamirzə oğlu və Zeynalov Sədirədin Həmit oğlu saxlanılıblar. Yusif Quliyev, Zəfər Feyziyev, Sədirədin Zeynalov və qeyriləri qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Yusif Quliyev 2011-ci ilin sonlarında İrana getmiş və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının İmayət adlı vətəndaşı ilə görüşüb, ona satış məqsədi ilə 2 kiloqram heroin sifariş verib. Bundan sonra iranlı İmayət külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycan ərazisinə keçirərək qrupun digər üzvü Zəfər Feyziyevə çatdırıb. Yusif Quliyevlə Sədirədin Zeynalov Abşeron rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında Zəfər Feyziyevdən narkotik vasitəni alarkən cinayət başında yaxalanıblar. Keçirilmiş baxış zamanı qrupa məxsus təxminən 2 kiloqram heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar