Mətin Mehdiyevin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
13 Aprel 2012 Cümə 12:12
Qətlin onun bir neçə min dollarlıq telefonu oğurlamaq məqsədilə törədildiyi ehtimal edilir .
Moskvada qətlə yetirilən Rusiya İslam Mədəniyyəti Mərkəzinin beynəlxalq şöbəsinin 33 yaşlı rəhbəri Mətin Mehdiyevin işi ilə bağlı yeni təfərrüatlar məlum olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mətin Mehdiyevin öldürülməsinə bir neçə dəqiqə qalmış şübhəli dörd şəxsdən biri supermarketin təhlükəsizlik kameralarına düşüb. Həmin şəxs qarşısına çıxan şəxslərə söz ataraq sanki diqqət çəkməyə çalışırmış.

Kamera görüntülərində həmin şəxsin sərxoş vəziyyətdə olması da hiss edilirmiş. Şübhəli şəxs supermarketə nə isə almaq üçün deyil Mətin Mehdiyevin ardınca düşərək gəlibmiş.

Polis hələ də Mətin Mehdiyevin supermarketdən evinədək olan beş dəqiqəlik məsafəni nəyə görə, yarım saata dəf etməsini araşdırır. Şahidlərin ifadələrinə görə, qatillər iki oğlan və iki qız olmaqla dörd nəfər olublar.

Polis qətlin azərbaycanlı din xadimi Mətin Mehdiyevin bir neçə min dollar dəyərində olan "Vertu" telefonunu oğurlamaq məqsədilə törədildiyini ehtimal edir. Ancaq qətldən sonra onun üzərində olan iPhone-a toxunulmayıb. Qatillərin telefonu sifarişli cinayətə qarət görüntüsü vermək üçün törədilə biləcəyidə istisna edilmir.

Xatırladaq ki, azərbaycanlı M.Mehdiyev aprelin 9-dan 10-na keçən gecə Moskvada çörək almaq üçün evindən çıxıb və yaşadığı evin qarşısında qəddarlıqla qətlə yetirilib. Cəsədin üzərində boğaz nahiyəsində kəsilmiş-deşilmiş yaralar olub və öldürüldükdən sonra onun üzü eybəcər vəziyyətə salınıb. O, ötən il ailə qurub, 2 aylıq qızı qalıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar