Masallıda ATS-də xəsarət alanlar danışdı
08 Fevral 2011 Çərşənbə Axşamı 18:30
Zərərçəkən: "Birinci güclü gurultu səsi eşidildi"
Dünən Masallı rayonunda Telekommunikasiya Qovşağının binasının bir hissəsinin çökməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslər hadisə ilə bağlı fikirlərini bölüşüblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hazırda xəstəxanada müalicə alan Zəfər Hacıməmməd oğlu Məmmədov hadisəni belə xatırlayıb:

"Hər şey bir anda baş verdi. İkinci mərtəbəbə idim. Birdən gördm ki, birinci mərtəbədəyəm. Panellərin arasına düşmüşdüm. Birinci güclü gurultu səsi eşidildi. Bilmədim, partlayış, yoxsa dağıntının yaratdığı səs idi. Nə baş verdiyini aydınlaşdıra bilmədim. Hər şey bir anda oldu. Yəni nə olduğunu bilmədim".

Xəstəxanaya yerləşdirilən digər yaralı isə hadisəni belə xatırlayır: "Bilmədim məni nə atdı yuxarı? Heç nə bilmədim. Oradan da düşdüm betonların arasına. Vəssalam".

Qeyd edək ki, bu gün hadisə yerinə gələn föqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, mərtəbələrin tavanı aşağı düşüb.

"Tavanı qaldırandan sonra hadisənin nə səbəbdən baş verməsinə nisbətən aydınlıq gələcək. İlkin versiyaya görə hadisəyə texnogen vəziyyət səbəb ola bilər. Baş verən qəzaya heç bir kənar müdaxilə yoxdur", deyə nazir vurğulayıb.

Xatırladaq ki, dünən saat 14:40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında partlayış baş verməsi barədə məlumat yayılıb. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamamilə dağılıb, ətrafdakı binalar da zərər çəkib. Bununla əlaqədar olaraq rayonun rabitə sistemi tamamilə sıradan çıxıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimalı təkzib edilib. Çünki binada ümümiyyətlə qaz sistemi olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar