Lənkəranda 220 min manatlıq dələduzluq edilib
04 İyun 2010 Cümə 16:15
Lənkəranda 220 min manatlıq dələduzluq edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Lənkəranda külli miqdarda dələduzluq edilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Şıxəkəran kənd sakini, 24 yaşlı Siyasət Nurməmməd oğlu Həhmətov həmkəndlilərinin etibarından istifadə edərək müxtəlif yol və bəhanələrlə onların külli miqdarda pullarını mənimsəyib.
Hazırda Lənkəran polisi vətəndaşların müraciətlərinə əsasən onun barəsində cinayət işi açıb.
İşi aparan müstəntiq Elnur Məmmədov bildirib ki, Siyasət Həhmətov həmkəndlisi Hökümə Hətəmovaya borc vermək adı ilə 2008-ci ilin dekabr ayında bir neçə həmkəndlisindən cəmi 220 min məbləğində pul alaraq mənimsəyib.
Qeyd edək ki, Siyasət həmkəndlilərinin zəif damarından tutub. O, Hökümənin təcili pula ehtiyacı olduğunu və qısa müddətdə qaytaracağını deyib. Bu bəhanə ilə həmin kənd sakinləri Alimə Məmmədovadan 10.000 ABŞ dolları, Humayə Əliyevadan 140.000, Dilarə Əliyevadan 15.000, Hacıbəyim Bəşirovadan 5.000, Xoşvəs Səfərovadan 15.000, Mətanət Səfərovadan 10.000, Qəşəng Həbibovadan 10.000, Nərminə Məmmədovadan 10.000 ABŞ dolları alaraq qaytarmayıb.
İlkin istintaqa verdiyi ifadəsində isə Hökümə bu məsələdən məlumatsız olduğunu deyib.
Lənkəran polis şöbəsində faktla bağlı cinayət işi başlandığından zərərçəkənlərin sayının artacağı istisna edilmir.
Fakt üzrə AR CM-nin 178.3.2(külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaılıb araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: