Karvan kafesində baş vermiş insidentlə bağlı məlumat
19 Fevral 2010 Cümə 20:00
Dünən saat 12 radələrində Səbail rayonu, İstiqlaliyyət və A. Babayev küçələrinin kəsişməsində yerləşən “Karvan” kafesində qaz sızması nəticəsində partlayış baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partlayışla bağlı daxil olmuş məlumat əsasında hüquq mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gələrək ilkin araşdırmaya başlayıblar. Həmin vaxt kafeyə müxtəlif KİV nümayəndələri, o cümlədən “Salamnews” İnfomasiya Agentliyinin müxbiri Zülfüqar Xeyirxəbərov da gəlib: “Onun çəkiliş aparması ilə bağlı kafenin işçisi Zaur Qafarov və onun kafedə olan tanışı Əziz Əhmədov arasında münaqişə baş verib.
Hadisə yerində olan polis əməkdaşları tərəfindən hər 3 şəxs ərazi aidiyyəti üzrə Səbail RPİ 9-cu PB-yə dəvət olunub, Z.Xeyirxəbərov «Karvan» kafesində peşə fəaliyyətini həyata keçirərkən zorakılığa məruz qalması barədə ərizə ilə müraciət edib.
Müraciəti ilə bağlı Z. Xeyirxəbərovun izahatı alınaraq məhkəmə-tibbi ekspertizadan keçmək üçün ona göndəriş verilib, araşdırma zamanı Z. Qafarov və Ə. Əhmədov münaqişənin baş verməsinin səbəbini Z. Xeyirxəbərovun onlara qarşı kobudluq etməsi və ünvanlarına nalayiq sözlər işlətməsi ilə izah edib və onlar izahatları alındıqdan sonra sərbəst buraxılıblar”.
Hazırda Z. Xeyirxəbərovun döyülməsi faktı ilə bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Məlumatda qeyd olunub ki, Z. Xeyirxəbərov Səbail RPİ 9-cu PB-də verdiyi ərizəsində kafenin işçiləri tərəfindən zorakılığa məruz qalarkən yaxınlıqda olan polis əməkdaşlarının münaqişənin qarşısını aldıqlarını göstərdiyi halda, bəzi KİV hadisə zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının seyriçi mövqe tutmaları, hətta Z.Xeyirxəbərova fiziki təzyiq göstərmələri kimi həqiqətə uyğun olmayan məlumat yaymaqla, cəmiyyətdə yanlış fikir formalaşdırırlar.
BŞBPİ belə polisin işgüzar nüfuzuna xələl gətirən belə məlumatların yayılmasının yolverilməz olduğunu bildirib və bu kimi əməllərin qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaratması barədə xəbərdarlıq edib. APA
DOSTLARINLA PAYLAŞ: