İşğalçı Ermənistan Ordusu iyun ayında atəşkəs rejimini 146 dəfə pozub
06 İyul 2012 Cümə 14:30
Qoşunlarının təmas xəttində vəziyyət əvvəlki aylarla müqayisədə gərgin keçib.
Cari ilin iyun ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət əvvəlki aylarla müqayisədə gərgin keçib.

Ayın ikinci həftəsi isə cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər olub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, iyun ayında cəbhədə baş vermiş döyüşlərdə, eləcə də mina partlayışlarında Azərbaycan Ordusu itkilər verib.

İyun ayında düşmənin atəşkəsi pozması, eləcə də diversiya hücumlarının dəf edilməsi zamanı Azərbaycan Ordusunun 5 hərbçisi şəhid olub, 1 nəfər yaralanıb. Döyüş bölgəsində xidməti tapşırıqlarını yerinə yetirərkən 4 hərbçi minaya düşüb. Minaya düşmüş hərbçilərdən 2-si şəhid olub, ikisi yaralanıb.

Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, iyunun 5-dən 12-dək həm Ermənistan-Azərbaycan dövlət sərhədi, həm də Qarabağ cəbhəsinin bütün istiqamətlərində intensiv döyüşlər gedib. Bu baxımdan ayrı-ayrı istiqamətlər üzrə məlumatlar verilməyib. Bundan əvvəl və sonrakı günlərdə cəbhə xəttinin bütün istiqamətləri üzrə atəşkəsin pozulmasına dair 146 fakt qeydə alınıb.

İyun ayında atəşkəsin ən çox pozulması faktı Füzuli rayonu istiqamətində qeydə alınıb. Bu istiqamətdə Ermənistan Ordusu tərəfindən atəşkəs rejimi 39 dəfə (iyunun 5-dən 12-dək tarixlər istisna olunmaqla) pozulub. Füzuli cəbhəsində gərginlik əsasən Horadiz kəndi, Aşağı Veysəlli, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri istiqamətlərində yaşanıb.

İyun ayında Qarabağ cəbhəsində atəşkəs rejimi Ağdam istiqamətində 27, Xocavənd istiqamətində 13, Tərtər rayonu istiqamətində 19, Cəbrayıl rayonu istiqamətində 7, Goranboy rayonu istiqamətində 14, Göygöl rayonu istiqamətində 1 dəfə pozulub.

Ermənistan-Azərbaycan dövlət sərhədində isə atəşkəsin pozulması daha çox Qazax rayonu istiqamətində qeydə alınıb. Ermənistan Ordusunun təxribat-diversiya qrupunun iyunun 5-də bu istiqamətdə cəhdinin qarşısının alınması zamanı Azərbaycan Ordusunun 5 hərbçisi şəhid olub. Ay ərzində dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi 8, Daşkəsən istiqamətində 3, Gədəbəy istiqamətində isə 3 dəfə pozulub.

Ümumilikdə iyun ayında cəbhənin bütün istiqamətlərində baş verən döyüşlərdə Azərbaycan əsgərləri tərəfindən Ermənistan Ordusunun 13 hərbçisi məhv edilib. Döyüşlərdə yaralanmış Ermənistan hərbçilərinin sayının isə 7-dən çox olduğu bildirilir. Son 6 ayda cəbhədə öldürülmüş Ermənistan əsgərlərinin sayı 30-dan çoxdur.

Qeyd edək ki, 2012-ci ilin birinci yarısında (yanvar - iyun ayları) cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 714 dəfədən çox pozulub. Bundan başqa, iyun ayında bir həftə ərzində cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib.

Cari il ərzində Azərbaycan Ordusunun cəbhə xəttində bir hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 9 hərbçi və bir mülki sakin atəşkəsin pozulması nəticəsində yaralanıb, 8 hərbçi isə atəşkəsin pozulması və mina partlayışlarından şəhid olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar