İrandan qaçaqmalçılıq yolu ilə brilyant daşlar gətirmiş şəxslər saxlanılıb
17 İyul 2012 Çərşənbə Axşamı 15:22
MTN-nin apardığı əməliyyatlar zamanı külli miqdarda narkotik maddə və 110,93 karat brilyant müsadirə olunub.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələri və brilyant daşları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar. MTN İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı – Tağıyev Ramil Nağı oğlu, İran İslam Respublikasının vətəndaşları - Avızak Hassan Youssef oğlu, Sakanlou Hamzeh Bakır oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan Mahmud adlı iranlı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitələr olan tiryək və heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, əvvəlcədən əldə edilmiş razılığa əsasən Ramil Tağıyevin qohumu Mahmud adlı iranlı içərisində tiryək və heroin olan bağlamaları Hamzeh Sakanlounun idarə etdiyi «Pejo» markalı avtomaşının yanacaq çənində gizlədib. Hamzeh Sakanlou və Hassan Avızak həmin narkotik vasitələri avtomobildə “Biləsuvar” gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətiriblər. Ramil Tağıyev də Hamzeh Sakanlou və Hassan Avızakı qarşılayıb yaşadığı Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə yerləşən evinin yaxınlığındakı işlədiyi dəmirçi sexinə aparıb. Qrupun üzvləri içərisində 3 kiloqram 987,5 qram tiryək və 988,4 qram heroin olan bağlamaları avtomaşınının yanacaq çənindən çıxararkən yaxalanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Məmmədova Alidə Yadulla qızı, Rzayev Camal Cəbrayıl oğlu və Rzayev Ramil Aid oğlu saxlanılıb. Alidə Məmmədova, Camal Rzayev, Ramil Rzayev, habelə şəxsiyyətləri istintaqla araşdırılan Rəsul və Əsgər adlı İran İslam Respublikasının vətəndaşları cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda heroini qaçaq yolla Azərbaycana gətiriblər.

Məlum olub ki, 2012-ci ilin iyulun əvvəlində Alidə Məmmədova İranın Astara şəhərinə gedib və orada satış məqsədilə qaçaq yolla külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsi barədə tanışı Rəsulla sövdələşib. Rəsul külli miqdarda heroini qaçaq yolla Azərbaycanın Cəlilabad rayonunun ərazisinə keçirilməsini və orada gizlədilməsini təşkil edib. Bundan sonra Əsgər adlı digər iranlı Camal Rzayevə narkotik vasitənin gizlədildiyi yer barədə məlumat verib. Camal Rzayev qrupun digər üzvü Ramil Rzayevlə birlikdə sonuncunun idarə etdiyi «Mersedes» markalı avtomaşınla Cəlilabad rayonuna gedərək narkotik vasitəni həmin gizli yerdən götürüb və Astara rayonunun Rüdəkənar kəndinə apararaq Alidə Məmmədovaya çatdırıb. Camal Rzayev əvvəlcədən əldə edilmiş razılığa əsasən Alidə Məmmədovadan aldığı 700 manat puldan 200 manatı Ramil Rzayevə verib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qrupun üzvləri yaxalanıb, onlardan 572,3 qram heroin aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində dövlətin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasının qarşısı alınıb, qaçaqmalçılıq yolu ilə gizli şəkildə 110,93 karat brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar.

Azərbaycan Respublikasının vətəndaşları Rzayev Məmməd Nəriman oğlu və İbrahimov Ramiz Şəmil oğlu cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda brilyant daşları satış məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində alınmasını və qanunsuz olaraq Azərbaycana gətirilməsini təşkil ediblər.

Müəyyən olunub ki, Məmməd Rzayev və Ramiz İbrahimov 2012-ci il iyulun 8-də təyyarə ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gediblər. Dubay şəhərində Məmməd Rzayev və Ramiz İbrahimov ümumi çəkisi 110,93 karat olan brilyant daşlar alıblar. Bundan sonra Məmməd Rzayevlə Ramiz İbrahimov öz aralarında ümumi razılığa gələrək qaçaq yolla Azərbaycan ərazisinə keçirmək üçün həmin brilyant daşları sellofan paketə qablaşdırıb Ramiz İbrahimovun şalvarının kəmər hissəsinin astarında gizlədiblər. Məmməd Rzayev və Ramiz İbrahimov 2012-ci il iyulun 11-də təyyarə ilə Bakı şəhərinə qayıdıb və əldə etdikləri həmin brilyant daşları hava limanının gömrük nəzarətindən gizli keçiriblər.

Məmməd Rzayevlə Ramiz İbrahimov Azərbaycan Respublikasının gömrük sərhədini keçdikdən sonra hava limanının avtomobil dayanacağında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıvlar. Hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı Ramiz İbrahimovun şalvarının kəmər hissəsinin astarında gizlədilmiş qeyd olunan brilyant daşlar aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar