Gürcüstanda gəmi qəzaya uğrayıb
08 Fevral 2011 Çərşənbə Axşamı 12:10
Qəzaya güclü qasırğa səbəb olub
Gürcüstanın Poti limanında Ukraynaya məxsus “Qriqori Petrovski” yük gəmisi güclü qasırğa nəticəsində dünən qəzaya uğrayıb. Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı gəmidə 11 ekipaj üzvü olub, onlardan üçü Azərbaycan vətəndaşıdır. Xilasetmə əməliyyatı nəticəsində onların hamısı xilas edilib.

Poti Şəhərinin rəsmiləri Baş Konsul Hüseyn Nəcəfova zənq vuraraq, qəza barəsində məlumat veriblər. Baş Konsul və konsulluğun əməkdaşları xəbərdən dərhal sonra Poti şəhərinə yola düşüblər. Poti Meri V.Lemonjava xarici ezamiyyətdə olduğu üçün, Baş Konsul Poti şəhərinin Vitse-meri Qeorgiy Homeriki ilə görüşüb.

Q.Homeriki qəza barəsində ətraflı məlumatı diqqətə çatdıraraq, qasırğa zamanı ekipajın idarəetməni itirdiyini və gəminin dalğaqırana dəyərək çatladığını bildirib. Gəmidə 32 ton dizel və 2,8 ton yağlı yanacaq yükü mövcüd olub. Yaranmış çat nəticəsində yükün qeyri-müəyyən qismi dənizə tökülməkdədir.

H.Nəcəfov Poti liman administrasiyasının kapitanı cənab Vaxtanq Tavberidze və qəzada zərərçəkmiş Azərbaycan vətəndaşları - gəmi kapitanın 1-ci müavini Əzizov Qaçay Abuturab oğlu (1952 təvəllüdlü), böyük mexanik Misiyev Arif Həbib oğlu (1952) və dənizçi Vəlmətov Fariz Gülmirzə oğlu (1987) ilə görüşüb.
Konsulluq tərəfindən zərərçəkmişlərə lazımi kömək və diqqət göstərilib. Dənizçilərin səhhəti yaxşıdır.
Qəza ilə bağlı Gürcüstanın müvafiq instansiyaları tərəfindən araşdırmalar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar