Farizin kəndi
12 Mart 2011 Şənbə 21:43
Bu gün ANS-in əməkdaşları 9 yaşlı Farizin bir vaxtlar yaşadığı, gəzib-dolaşdğı kəndə baş çəkib
Ermənilərin bir neçə gün əvvəl qanına qəltan etdiyi 9 yaşlı Farizin bir vaxtlar yaşadığı, gəzib-dolaşdğı kəndə bu gün ANS-in əməkdaşları da baş çəkib. Onlar burada yaşamağın nə qədər çətin olduğununa əmin olublar. Gəldiymiz qənaət isə ondan ibarətdir ki, erməni işğalının nəticələri aradan qaldırılmasa, yəqin ki, sərhədyanı kəndlərimizdə qətlə yetirilən Farizlər hələ çox olacaq.
Belə ki, bir neçə gün əvvəl erməni gülləsinə tuş gələn 9 yaşlı Fariz Bədəlov Ağdamın Orta Qərvənd kəndində, kəndin qurtaracağındakı evlərdən birində yaşayıb. Martın 8-nə qədər qohumlarından və həmkəndlilərindən başqa kimsənin tanımadığı bu balaca oğlan uşağını indi bütün Azərbaycan tanıyır. Faciəli ölümü ilə 9 milyonun tanıdığı Fariz atəşkəs dövründə Azərbaycan tərəfinin verdiyi ən ağır itkilərdən biridir. Nənəsi Məlahət Bədəlova Farizin son anlarını belə xatırlayır.
“Fariz çıxdı çölə. Dedim “hara gedirsən?”. Dedi ki, nənə, heç hara getmirəm, Nazlı ilə oynayıb gəlirəm”. Çıxdı, çıxandan 10 dəqiqə sonra güllə atdılar. Pəncərəni açdım, Farizi çağırdım. Amma o cavab vermədi. Yüyürdüm pilləkənə tərəf, gördüm qaynım əlində nəisə yelləyir. Mənim səsimi eşidən kimi, dedi ki, Farizi vurdular. Gördüm uşaq qanın içindədir”.
Erməni mövqelərindən 500 metr aralıda yerləşən Orta Qərvənd kəndi 2 istiqamətdən ermənilərin atəşinə məruz qalır. Buna görə də evlərin əksəriyyətində güllə izləri var. Sakinlər isə hər an ölümlə üz üzədir.
Kənd sakini Akif Bədəlovun sözlərinə görə, srağagün onun gəlini heyvanı tövləyə salanda da güllə atdılar: Gəlinim gəlib dedi ki, “ata, güllə atırdılar”, Amma güllə onun yanından keçib. Dəfələrlə mənim özüm maşınımı işə salanda güllə atıblar, qaldım ortada tərpənə bilmədim”.
Farizin oxuduğu məktəb də erməni mövqelərindən aydın görünür. Məktəbin direktor müavini Camal İsmayılov deyir ki, cəbhəyə yaxın məsafədə yerləşdiyindən silah səsləri tez-tez dərs prosesinin də pozulmasına səbəb olur: “Atışma vaxtı burada dərs keçmək mümkün deyil. Uşaqları çölə buraxmırıq ki, birdən onlara ziyan dəyər. Güllənin səsindən dayanmaq mümkün deyil, dərs pozulur. Uşağın fikri yayılır, ancaq fikirləri qalır atışmada”.
Orta Qərvənd kəndinə gedən yol da işğal altında qalıb. Buna görə də kəndə alternativ yol çəkilib. Ancaq bərbad vəziyyətdə olduğundan kənddən magistral yola qədər olan 9 km-lik yolu ən yaxşı halda yarım saata getmək mümkündür.
DOSTLARINLA PAYLAŞ: