Əvvəl xadimə olduğu evə "qonaq" gedən şəxs həbs edildi
22 İyul 2010 Cümə Axşamı 23:40
29 yaşlı qadın ev sahibinə 50 000 manat ziyan vurub.
Səbail polisi mənzildən oğurluq etməkdə təqsirli bilinən 29 yaşlı Ucar rayon sakini Qəhrəmanova Xəyalə Eyvaz qızını saxlayıb. İlkin araşdırmalar zamanı Xəyalə Qəhrəmanovanın köhnə tanışı Əlihüseyn Eynullayevə külli miqdarda, yəni təxminən 50 000 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Səbail RPİ-nin müstəntiqi Raqib Şərifovun sözlərinə görə, Xəyalə Qəhrəmanova əvvəllər xadimə işlədiyi evə qonaq gedərək orada oğurluq hadisəsi törədib. Ev sahibinin başının qarışmasından istifadə edən qadın yataq otağına keçərək öz niyyətini həyata keçirib. Paltar şkafının içərisindəki seyfdən mücrünü götürən Xəyalə oradakı qızıl-zinət əşyalarını mənimsəyib.

Saxlanılan Xəyalə Qəhrəmanovanın ətrafında aparılan istintaq araşdırmaları onu göstərir ki, Xəyalə oğurladığı qızıl-zinət əşyalarını metronun Neftçilər və Xalqlar dostluğu stansiyaları yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə satıb.

İlkin dindirmələr zamanı o, bu yolla 2000 manat qazanc əldə etdiyini bildirsə də, istintaq araşdırmaları bu məbləğin daha çox olduğunu sübuta yetirib. Belə ki, saxlanılan Xəyalə Qəhrəmanova ilə qızıl qəbulu məntəqələrinin sahibləri və eləcə də zərərçəkmiş Əlihüseyn Eynullayev arasında üzləşdirilmələr aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar