Ev sahibinin qayıtması oğruları ifşa etdi
19 Mart 2010 Cümə 23:35
Hadisə paytaxtın Əzizbəyov rayonunda baş verib
Əzizbəyov polisi rayon ərazisində evlərdən oğurluq edən iki nəfəri yaxalayıb. Oğruların ifşa olunmasına isə Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yaşayan Mətanət Mirzəyevanın oğurluq zamanı qəfildən evə qayıtması səbəb olub. Oğurluqda təqsirli bilinərək saxlanılan şəxslər isə Seyfullayev Elçin Xanlar oğlu və Həsənov Ramin Fərzi oğludur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Raminlə Elçin nəinki Əzizbəyov rayonu ərazisində hətta Suraxanı rayonunda da bir neçə evdən oğurluq ediblər. Faktı araşdıran Əzizbəyov rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Rasim Knyazovun sözlərinə görə, dəstə üzvlərinin Şüvəlan qəsəbəsində törətdikləri oğurluqların sayı bir yox, bir neçədir.

Elçinlə Raminin tanışlığı isə həbsxanada baş tutub. Əzizbəyov rayon Polis İdarəsinin baş müstəntiqi Rasim Knyazovun sözlərinə görə, hər iki şəxs bir neçə ay bundan qabaq azadlığa çıxıblar və onlar narkotik maddələrin aludəçiləridir. Oğurluq zamanı əldə olunan vəsaiti isə yarıbayarı bölərək narkotik maddələrin alınmasına istifadə edirmişlər. Məlum olub ki, ümumilikdə ifşa edilən 10 -a yaxın oğurluq faktında əsas iştirakçı Ramin Həsənov olub. Çünki bir neçə hadisədə o, Elçinin köməyindən istifadə etməyib.

Qeyd edək ki, oğurluq zamanı Elçin Seyfullayevin vəzifəsi qarət edilən evin çölündə durub gəlib gedənə nəzarət etmək olub. Təqsirləndirilən Seyfullayev evlərə oğurluğa girməməsini fiziki cəhətdən kök olması ilə əlaqələndirib. Aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, Ramin Elçini aldadıb. Hadisə zamanı evdə tək olmasından istifadə edən Ramin mənzillərdən oğurladıqları barədə Elçinə yalan məlumat verirmiş.

Hər iki şəxs oğurluğa əl atmalarını işsiz olmaları və narkotik maddələrdən istifadə etmələri ilə izah ediblər. Faktla bağlı isə Əzizbəyov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar