ETSN qanunsuz ova şərait yaradanları cəzalandırdı
18 Fevral 2011 Cümə 11:33
Vəzifə borclarını layiqincə icra etməyən iki nəfərə töhmət verilib, bir nəfər işdən çıxarılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyəti araşdırılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, 5-7 fevral tarixlərində “Sarı-su” Ovçuluq Təsərrüfatında brakonyerliyə qarşı mübarizə tədbirləri aparılarkən təsərrüfatın sahə müfəttişi Ə.Mustafayev və mühafizə yegeri Y.Abışovun xidməti ərazidə olmamaları və vəzifə borclarını layiqincə icra etməmələri səbəbindən ərazidə qanunsuz ov etmə faktı aşkar olunub. Qanunsuz ov edən şəxsdən 1 ov tüfəngi və 35 dolu patron götürülərək müvafiq akt və protokol tərtib edilib.

12-13 fevralda isə Şabran rayonunun inzibati ərazisində yerləşən “Ağzıbir” Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı təsərrüfatın həyətində qanunsuz ov edilməsi faktı aşkarlanıb. Məlum olub ki, əraziyə cavabdeh olan sahə müfəttişi T.Acalov yaranmış vəziyyətin qarşısını almağa nəinki cəhd göstərməyib, əksinə həmin şəxslərin ərazidə ov etmələrinə şərait yaradıb.

Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiklərinə və əmək vəzifəsini kobud şəkildə pozduqlarına görə 15 fevral 2011-ci il tarixli əmrlə “Sarı-su” Ovçuluq Təsərrüfatının sahə müfəttişi Ə.Mustafayevə sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin təsərrüfatın mühafizə yegeri Y.Abışova töhmət verilib, “Ağzıbir” Ovçuluq Təsərrüfatının sahə müfəttişi T.Acalov isə 17 fevral 2011-ci il tarixli əmrlə tutduğu vəzifədən azad olunub.

Qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar