Dağıstanda iki partlayış baş verib
15 Fevral 2011 Çərşənbə Axşamı 01:52
Hər iki terror aktı milis əməkdaşları və hərbçilərə qarşı yönəlib
Dabıstanın Qubden kəndində iki partlayış baş verib. Partlayışlar nəticəsində 2 nəfərin öldüyü, 9 adamın yaralandığı bildirilir.
İlk partlayış Qubden kəndindəki milis məntəqəsinin yaxınlığında qeydə alınıb. Qadın terrorçu özünü partladıb. İlkin məlumatlara görə, bir nəfər həlak olub, dörd adam xəsarət alıb. Zərərçəkənlərin hamısı Rusiya DİN-in Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Onlar milis şöbəsini mühafizə edirlərmiş.
Bundan bir qədər sonra kənddə ikinci partlayış qeydə alınıb. Bu dəfə partlayıcı qurğunu kişi terrorçu işə salıb. Nəticədə bir milis əməkdaşı həlak olub, beş nəfər yaralanıb. Dağıstan DİN-in məlumatına görə, partlayış yerli vaxtla saat 22.35-də (Bakı vaxtı ilə 23.35) Qubden kəndinin girişindəki postda baş verib. Ərazidə atışma səsləri də eşidilib.
İlkin məlumatlara görə, “Lada-Priora” markalı maşın birinci partlayış yerində işləyən istintaq qrupuna doğru hərəkət edib. Lakin onu kəndin girişindəki postda saxlayıblar. Milis əməkdaşları maşını yoxlamaq istəyərkən partlayış olub.
Partlayışdan sonra naməulm şəxslər meşə massivindən posta atəş açmağa başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab atəşi açıblar. DİN-dəki mənbənin sözlərinə görə, hücum edənlər arasındakı itkilərdən danışmaq tezdir. Çünki meşə massivinə baxış hava işıqlaşandan sonra keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: