Cəlilabadda 20 yaşlı gənc dayısı oğlunu öldürdü
10 Noyabr 2012 Şənbə 12:32
Qohumlar arasında münaqişə söyüş üstündə yaranıb
Ötən gün Cəlilabad rayonunun Sabirabad kəndində qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Massallı rayon Ərkivan kənd sakini 20 yaşlı Şəhriyar Qəhrəman oğlu Əliyevlə dayısı oğlu və həmyaşıdı Tural Hidayət oğlu Əsgərov ilə aralarında mübahisə yaranıb. Onlar mübahisəni həll etmək üçün Masallıdan Cəlilabad rayonuna gəliblər. Şəhriyar Tural yaşayan həyətə çatar-çatmaz idarə etdiyi avtomobilindən düşərək onu qarşılamağa gələn dayısı oğluna bir neçə bıçaq zərbəsi endirib. Bıçaq zərbəsi Turalın daxili orqanlarına nüfüz etdiyindən o hadisə yerində keçinib.
Mərhumun yaxınlarının dediyinə görə, bir neçə ay bundan əvvəl Tural Şəhriyarın ünvanına nalayiq ifadələr işlədib. Elə o vaxtdan da, qohumlar arasında düşmənçilik yaranıb. Buna görə də, Şəhriyar Turalı bir neçə ay əvvəldən öldürəcəyilə bağlı ara-sıra hədələyirmiş.
Öz əlini doğma dayısı oğlunun qanına batıran Şəhriyar cinayət əməlini torətdikdən sonra Masallı rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.
Faktla bağlı Cəlilabad rayon Prokuroluğunda Cinayət Məcəlləsinin 120.1 ci (qəsdən adam öldürmə maddəsi) ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: