Böyük Britaniya öz vətəndaşlarını Yəməni dərhal tərk etməyə çağırdı
04 İyun 2011 Şənbə 01:49
Müraciət müxalifət qüvvələri və hökuümət qoşunları arasında davam edən döyüşlərlə əlaqədar edilib
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz ölkəsinin vətəndaşlarına müraciət edib. Nazirliyi brianiyalılara dərhal Yəməni tərk etməyi tövsiyyə edib. XİN-in bəyanatında deyilir ki, müraciət müxalifət qüvvələri və hökuümət qoşunları arasında davam edən döyüşlərlə əlaqədar edilib.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi fevralın sonlarında Azərbaycan Respublikası vətəndaşlarına Yəməndə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilirdi ki, fevral ayından başlayaraq Yəmənin paytaxt Səna və Ədən şəhərlərində hökumət əleyhinə nümayişlər və polislə nümayişçilər arasında iğtişaşlar başlayıb. İğtişaşlar nəticəsində yaralananlar, çoxlu sayda həbs olunanlar və öldürülənlər olub. XİN təhlükəsizlik baxımından Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf bölgələrinə səyahətlərin təxirə salınmasını tövsiyə edib. Azərbaycan XİN Yəmənə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını ehtiyatlı olmağa, vacib olmadıqda səfərlərini təxirə salmağa çağırıb: “Yəməndə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinə və Səfirliyin Ciddə şəhərindəki Ofisinə müraciət etmələri tövsiyə olunur”. Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunub.
DOSTLARINLA PAYLAŞ: