Beyləqanda hərbi hissədə baş verən yanğın nəticəsində bir nəfər yaralanıb
12 Noyabr 2011 Şənbə 12:15
Bu, 72 yaşlı Kamilə Şirinovadır.
Ötən gün axşam saatlarında Azərbaycanın Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə baş verən yanğın hadisəsi zamanı bir nəfər xəsarət alıb. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, hərbi hissə kəndə yaxın olduğu üçün partlayış nəticəsində sakinlərdən biri xəsarət alıb. Bu, kənd sakini 72 Kamilə Şirinovadır. O, sağ çiyin nahiyəsindən xəsarət alıb. Vəziyyəti qənaətbəxşdir, ilkin tibbi yarımdan sonra evə buraxılıb.
Yanğın zamanı hadisə yerində olan bölgə müxbirinin məlumatına görə, əraziyə ətraf kəndlərdən də yanğınsöndürən maşınlar və iki ədəd təcili tibbi yardım maşını gəlib və yanğın 1 saat ərzində nəzarət altına alınıb. Əraziyə yaxın yaşayan yerli əhali ərazidən çıxarılıb. Bu gün isə kənddə artıq normal həyat bərpa edilib.
Hazırda kənar şəxslər əraziyə buraxılmır. Ərazidə təhqiqat işləri aparılır. Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, Müdafiə Nazirliyi də Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, hadisə noyabrın 11-də saat 20.00 radələrində Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin avtomobil parkının ərazisində yanğın baş verib. Yanğın nətijəsində avtomobillərdən birinin yük yerində olan minalar partlasa da, ölən və yaralanan olmayıb.
DOSTLARINLA PAYLAŞ: