Bakının Zığ qəsəbəsində çökmə olub
02 Aprel 2012 Bazar Ertəsi 17:44
Şaiq Niftiyev:"Adıçəkilən ünvanda vəziyyət olduqca pisdir"
Bakının Suraxanı rayonu Zığ qəsəbəsində Həzi Aslanov küçəsi, 76 ünvanda yeni çökmə hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev ANS PRESS-ə verdiyi məlumata görə, qrunt sularının həddindən artıq qalxması nəticəsində torpaq yumşalıb və çökməyə başlayıb. Onun sözlərinə görə, adı çəkilən ünvanda vəziyyət olduqca pisdir. "Hazırda həmin ərazidə intensiv çökmə prosesləri baş verir. Bu hazırkı sürətlə inkişaf edərsə, uçqun yaranması da qaçılmazdır".

Şaiq Niftiyevin sözlərinə görə, çökmənin baş verməsinə səbəb insan faktorudur. Yəni, həmin ərazidə kanalizasiya sistemi yoxdur, şambo sistemidir. Yamac boyu yuxarıda yerləşən evlərin şambolarından süzülən sular aşağıdakı evlərin altına, torpağa axıdılır. Bununla da çökmə baş verir.
Hazırda ərazidə monitorinq aparılır. Bu gün Fövqəlada Hallar Nazirliyinin və digər mütəxəssislərlə birgə əraziyə baxış keçirilib. Baxış zamanı torpaq çökməsindən bir neçə evin ciddi ziyan gördüyü məlum olub.

Baş mühəndis ərazidəki evlərdən dördünə ciddi zərər dəydiyini, digər bir neçə evin isə divarları, həyətlərin hasarları zədələndiyini bildirib.

Əgər belə davam edərsə, Şaiq Niftiyev ərazinin boşaldılacağını və sakinlərin başqa yerlərə köçürüləcəyini də istisna etmir. Mütəxəssisin sözlərinə görə, bu barədə dəqiq məlumat FHN-nin müvafiq komissiyasının gələcəyi qərardan sonra məlum olacaq.

“Hazırda həmin ərazidəki evlərdə yaşamaq çox təhlükəlidir. Orada vəziyyət olduqca pisdir”, - deyə Şaiq Niftiyev vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar