Bakıda avtobus işıqforu kökündən qoparıb. Milli.Az-ın məlumatına görə, Səbail rayonu, Teymur Elçin küçəsində yol ayrıcındakı işıqfor yoxdur. İşıqforun olmaması avtomobillərin hərəkətinə çətinlik yaradır.
Dövlət Yol Polis İdarəsinin “Siqnal” İdarəsindən bildirilib ki, həmin ərazidə yerləşən işıqfor yol qəzası zamanı kökündən qoparaq yararsız hala düşüb. İki gün əvvəl avtobus işıqfora toxunaraq onu qoparıb, sürücü isə hadisə yerindən qaçıb. İşıqforun yeri betonlanıb, yaxın günlərdə yenisi ilə əvəzlənəcək.
“Siqnal” İdarəsindən verilən məlumata görə, qəzalar zamanı işıqforların sıradan çıxması nəticəsində dəymiş ziyan sürücülər tərəfindən ödənilmir. Ötən il və bu ilin iki ayı ərzində işıqforların avtomobillər tərəfindən yararsız hala salınması nəticəsində dövlətə 70-80 min manat ziyan dəyib. Təkcə, bu il ərizində 10-a yaxın faktla bağlı məhkəməyə müraciət olunub.