Bakıda yol nəqliyyat hadisəsi baş verib
28 Fevral 2011 Bazar Ertəsi 02:21
Avtomobildə olan sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Ötən gecə Bakının Səbail rayonu 20-ci sahə adlanan əazidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 21 yaşlı Abbas Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil səkiyə dəyərək, yolun kənarında hərəkətsiz dayanan başqa bir maşına çırpılıb. Sürücü Abbas Əliyev aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Maşında olan sərnişin 24 yaşlı Faiq Hüseynov isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkim Vidadi Quliyev yaralının xəstəxanaya açıq kəllə beyin travmması, sol alın sümüyünün sınığı diaqnozu ilə daxil olduğunu, hal-hazırda onun vəziyyətinin ağır-stabil olduğunu deyib.
Səbail rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları qəza barədə araşdırmalara başlayıb. Qəzanın dəqiq səbəbi təyin ediləcək avtotexniki və tibbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı Səbail rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
DOSTLARINLA PAYLAŞ: