Bakıda yaşayış binası qəzalı vəziyyətə düşüb
11 Aprel 2012 Çərşənbə 13:18
Bayıl qəsəbəsində 12 mənzilli binada çatlar yaranıb
Bakının Səbail rayon Bayıl qəsəbəsində 12 mənzilli binada çatlar yaranıb. ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, binada çatlar 2008-ci ildən yaranıb. O vaxt Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilib və komissiya yaradılıb. Komissiya tərəfindən binaya baxış keçirilib və müəyyən edilib ki, bina qəzalıdır.
Binadakı çatların arasındakı məsafələr son 3-4 ayda daha da genişlənib. Sakinlərin sözlərinə görə, çatların genişlənməsinə səbəb nisbətən yüksək ərazilərdə yerləşən evlərdən axıdılan kanalizasiya sularıdır. Binadakı mənzillərin əksəriyyətində döşəmə, divarlar nəmdir.
Binanın 3 mənzilinin sakinləri artıq evlərini tərk ediblər. Hazırda əraziyə mənzil istismar idarəsinin əməkdaşları baxış keçiriblər. Amma nəticə ilə bağlı məlumat verilməyib. Sakinlər Səbail rayon İcra Hakimiyyətindən nümayəndələrin gəlməsini gözləyirlər.
Bina 1885-ci ildə tikilib. O vaxt bina dənizçilərin binası olub. Sonradan burada digər sakinlər də məskunlaşmağa başlayıb.
DOSTLARINLA PAYLAŞ: