Bakıda toyda kütləvi dava: çoxlu yaralı var
09 İyul 2012 Bazar Ertəsi 04:48
Dava-dalaşın sonunda bıçaq xəsarətləri alan 5-yə yaxın zərərçəkən 1 saylı xəstəxanaya çatdırılıb.
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi qanlı sonluqla yekunlaşıb. Toyun sonlarına yaxın mərasimə gələn qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Hadisə zamanı bıçaqdan belə istifadə edən toy iştirakçıları bir-birilərinə kəsici alətlə zərbələr endiriblər.
Dava-dalaşın sonunda bıçaq xəsarətləri alan 5-yə yaxın zərərçəkən isə təcili tibbi yardım avtomaşınları ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralılara xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.
Kütləvi davanın iştirakçılarından biri olan Əşrəf Allahverdiyev hadisənin baş verməsinin səbəblərini xatırlamasa da, dava zamanı ona yaxın şəxs tərəfindən döyüldüyünü bildirdi. “Toydan çıxmışdım evə gedirdim. Xəbər gəldi ki, uşaqları döyürlər. Qayıtdım şadlıq evinə. Məni də saldılar araya. Kim döyüb bilmirəm”.
Artıq hadisə barədə Qaradağ rayon polis idarəsi və 10-cu polis bölməsinin əməkdaşları tərəifndən araşdırmalara başlanılıb. Hadisə şahidləri və zərərçəkənlərin izahatları da alınıb. Kütləvi davanın baş vermə səbəbləri və zərərçəkənlərə xəsarət yetirən şəxslərin kimliyi isə polis idarəsində başlanan araşdırmalardan sonra bəlli olacaq.
DOSTLARINLA PAYLAŞ: