Bakıda suvenir mağazası yarılıb
06 Yanvar 2011 Cümə Axşamı 15:25
Dükandan 3 min manat dəyərində suvenir əşyalar oğurlanıb
Bakının Nərimanov rayonunda suvenir satılan mağazadan oğurluq edilib. Bu barədə ANS PRESS-ə Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən verilən məlumata görə, hadisə yanvarın 3-ü axşam saatlarında baş verib.
Belə ki, M.Cümə küçəsində yaşayan Nəzakət Saleh qızı Əliyeva ayın 4-də polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun C.Hacıbəyli küçəsi, 24-də işlətdiyi suvenir əşyaların satıldığı mağazadan oğurluq edilib. O, ərizəsində vurğulayıb ki, ayın 3-də axşam saat 19.00-da mağazanı bağlayaraq evinə gedib. Ertəsi gün isə işə gələndə dükandan oğurluq edildiyini görüb.
Bundan sonra dərhal əraziyə əməliyyat qrupu göndərilib və müəyyən olunub ki, naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarından keçməklə oradan 3 min manat dəyərində saat, müxtəlif heykəllər və digər suvenir əşyaları oğurlayıblar.
Hazırda polis hadisəni törədən şəxs və yaxud şəxslərin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri aparır.
DOSTLARINLA PAYLAŞ: