Bakıda mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildi
10 Mart 2014 Bazar Ertəsi 11:48
Onların oğurluq və digər cinayət əməlləri ifşa olunub.
Abşeron rayonuda Mehdi Heydərova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi, 32 və 33-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Rəşad İsmayılov, Mail Qaralov və Müşfiq Qafarov avtomobillə birlikdə tutulub.
Onların üzərinə baxış keçirilərkən M.Qafarovdan 10 qramdan artıq həşiş götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, onlar fevralın 21-də Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindən Umudvar Hacıəliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırıb və avtomobil martın 8-də Abşeron gənclər şəhərciyi ərazisində saz vəziyyətdə tapılıb.
Daha sonra onların martın 8-nə keçən gecə, Qaraçuxur qəsəbəsində İ.Musayev küçəsində yerləşən və Zahid Abdullayevə məxsus sexin qarşısından 6 ədəd istilik radiatorunu oğurlaması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat istintaq tədbirləri zamanı aydın olub ki, onlar fevralın 19-na keçən gecə Yeni Günəşli qəsəbəsində, Bakı şəhər sakini Aydın Balakişiyevə məxsus "Hovo" markalı avtomobildən 2 ədəd akkumulyator oğurlayıblar. Martın 6-na keçən gecə Mikayıl Alxasova məxsus "Toyota", Nahid Fərhadlıya məxsus "VAZ-2106", Bəhman Orucova məxsus "Hyundai" avtomobillərin şüşələrini sındırıb oğurluğa cəhd ediblər.
Həmin gün Şakir Qasımova məxsus "VAZ-2106" markalı avtomobili isə qaçırmağa cəhd göstəriblər.
DOSTLARINLA PAYLAŞ: