Polis əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində iyulun 31-də baş vermiş ağır qətl hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 47 yaşlı Gülnarə Zamanovanın Gəncə prospekti 36 ünvandakı evində çoxsaylı bıçaq xəsarətlərilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları zəruri istintaq əməliyyat tədbirlərinə başlayıb. Mərhumun 17 bıçaq zərbəsilə xüsusi amansızlıqla qətlə yetirilməsi müəyyənləşib.
Çox keçməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüb. Xətai rayon sakini, 55 yaşlı Eyvaz İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Tutarlı dəlil sübutlar qarşısında əməlini etiraf edib. Eyvaz İbrahimov bildirib ki, ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub.
Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə burdan başlayıb.
Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və onu evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı qəsdən adamöldürmə maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.