Bakıda mağazaya basqın edildi
16 Fevral 2011 Çərşənbə 03:48
Basqınçılar mağaza sahibini və ailəsini döyüblər, obyektə ciddi ziyan vurublar
Bu gecə Sabunçu rayonunun Qaraçuxur qəsəbəsindəki Əhməd Bakıxanov küçəsində yerləşən ərzaq malları mağazasına naməlum şəxslər tərəfindən basqın edilib. Mağaza sahibi Nadir Quliyev və onun ailə üzvləri həmin şəxslər tərəfindən döyülərək fiziki zorakılığa məruz qalıblar. Basqınçılar həmçinin dükanın piştaxtalarını, o cümlədən vitrinləri qıraraq obyektə maddi ziyan da vurublar. Qeyd edək ki, naməlum şəxslər dükana daxil olarkən mabğazada satıcı dükan sahibinin həyat yoldaşı Kəmalə Quliyeva olub. Həmin şəxslər dükana daxil olandan sonra əvvəlcə satıcıdan su istəyiblər. İstədiklərini aldıqdan sonra isə basqınçılar içdikləri suyun pulunu ödəməkdən imtina ediblər. Bu zaman yaranan səs-küyə Kəmalə Quliyevanın həyat yoldaşı Nadir Quliyev gəlib.
“Cumdular həyat yoldaşımın üsdünə. Şüşəni qırdılar. Oğlum yatmışdı. O da səsə gəldi. Dedi “Atamdır, dəymiyin ona”. Bunu deyəndə bıçaq çıxartlır oğlumun üsdünə bıçaq çıxartlıra. Mən keçdim qabaqlarına. Qışqırdım, maşına minib getdilər. İndi oğluma da zəng eliyiblər ki, səni öldürəcəyik”, -deyə Kəmalə Quliyeva bildirib.
Qeyd edək ki, mağaza sahibləri ilə basqınçılar araında yaranan mübahisənin ətrafda yaşayan sakinlər və dükana müştəri kimi gələn şəxslər də şahidi olublar. “Mən yoldan keçirdim. Dağıdırdılar buranı. Dedim nə olub. Su, başqa şeylər istiyiblər pulsuz. Tanıyırdım onları - Seyid, “Yapon” və Nicat idi”. Bunu hadisə şahidi Nərgiz Məmmədova deyib.
Basqın barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə yollanıblar. Bölmənin növbətçi hissəsindən aldığımız məlumata görə mağazaya basqın edən şəxslərin şəxsiyyətləri məlumdur. Quliyevlər ailəsinin dükanına Bakıxanov qəsəbəsində “Yapon” ləqəbi ilə tanınan Rauf, Miryusif Əsədov və Nicat adlı şəxslərin hücum etdiyi dəqiqləşdirilib. Hazırda bölmənin əməkdaşları həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətinldə əməliyyat tədbirlərini davam etdirirlər. Artıq bölmədə toplanmış materillar araşdırlılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
DOSTLARINLA PAYLAŞ: