Bakıda daha iki vulkan fəallaşıb
14 Mart 2011 Bazar Ertəsi 12:24
Ötən gün püskürən palçıq vulkanında hazırda alovun hündürlüyü 2 metrə çatır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ötən gün saat 11:20 radələrində Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında püskürmüş Şıxzəyirli palçıq vulkanında olublar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin və Geoloji Kəşfiyyat Xidmətinin elmi işlər üzrə mütəxəssisləri hadisə yerində araşdırma aparıblar.

Araşdırma zamanı palçıq vulkanının püskürməsi nəticəsində külli miqdarda palçıq lavasının ətraf ərazilərə axdığı (bəzi yerlərdə lavanın hündürlüyü 30 santimetrdən 3 metrədək çatıb) və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatların əmələ gəldiyi məlum olub. Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik isə 3 kilometr məsafəyədək hiss olunub.

Püskürmüş Şıxzəyirli palçıq vulkanından təqribən 600-700 metr məsafədə yaşayış evləri yerləşdiyindən əraziyə aidiyyəti qurumlar tərəfindən gün ərzində nəzarət olunur.

Hazırda palçıq vulkanının müxtəlif yerlərində səs-küylə müşayiət olunan qaz çıxır və alovun hündürlüyü 2 metrə çatır. Təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürmüşdü. Lakin bu dəfəki püskürmə daha güclü partlayışla müşayiət olunub.
Hazırda Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar