Bakıda bankomatlardan pulları çıxararaq mənimsəməkdə təqsirli bilinən dəstə üzvlərinin məhkəməsi ba
08 Fevral 2010 Bazar Ertəsi 12:25
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakının bir neçə rayonundakı bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirli bilinən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə təqsirləndirilən şəxslər Oleq Aleksandroviç Matveyev, İbrahim Rəfail oğlu İbrahimov və Zahid Atabala oğlu Ağabalayevin cinayət işi üzrə keçirilən iclasda məhkəmə baxışı fevralın 16-na təyin olunub.

İttihama görə, dəstənin üzvləri 1984-cü il təvəllüdlü Oleq Aleksandroviç Matveyev, İbrahim Rəfail oğlu İbrahimov və 1985-ci il təvəllüdlü Zahid Atabala oğlu Ağabalayev bankomatlardan müştərilərin hesablarında olan pulların çıxarıblar.

İstintaq zamanı məlum olub ki, təqsirləndirilən Oleq Matveyev bunun üçün ABŞ-ın sifarişlə aldığı xüsusi qurğuda Rusiyadan aldığı plastik kartlardan vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Daha sonra dostlar şəhərin müxtəlif yerlərinə gedib və bankomatlarda vətəndaşların hesabında olan pulları çıxarıblar.

Bir müddət əvvəldən isə Bakı şəhər sakinləri ərazi üzrə rayon polis idarələrinin bölmələrinə gələrək şikayət ərizəsi yazıb, hesablarında olan pulların mənimsənilməsi barədə məlumat veriblər. Paytaxtın Nəsimi, Nərimanov, Yasamal və s. rayon polis idarələrinə daxil olan şikayət ərizəsi əsasında həmin məsələlərin araşdırılmasına başlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bankomatlardan oğurluq edən şəxslər 2009-cu ilin avqustunda saxlanılıb. Məlum olub ki, təqsirləndirilənlər 2009-cu il iyulun 11-də Nəbi Bayramova məxsus 305 manatı və elə həmin gün Firəngiz Quliyevaya məxsus 550 manatı bankomatdan çıxararaq oğurlayıblar. İyulun 14-də isə zərərçəkmişlər Əli Bəylərov, Nailə Quliyeva və Məryəm Abbasova olub ki, onlardan da müvafiq olaraq 115, 75 və 110 manat oğurlanıb.

Bundan sonra iyulun 15-də Təbriz küçəsindəki bankomatdan Mirteyyub Rəhimova məxsus 308 manat, iyulun 16-da Əlixan Mustafayevə məxsus 91 manat, iyulun 17-də yenidən Təbriz küçəsindəki bankomatdan Antonina Borisovnaya məxsus 210 manat oğurlanıb. Araşdırmalar nəticəsində iyulun 18-də daha üç şəxsin pulunun oğurlandığı məlum olub. Onlar eyni yolla Reyhan İsmayılovadan 131 manat, Niyaməddin Abbasovdan 290 manat, Kamran Əliyevdən isə 530 manat oğurlayıblar. Daha sonra iyulun 20-də Zaur Mahmudovanın 367 manatını, Yaqut Əhmədovanın 220 manatını, iyulun 24-də isə Azad İsmayılovun 942 manatını bankomatlardan oğurlayıblar.

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən oğurluq) və 177.2.2-ci (təkrar törədilən oğurluq) maddələri ilə ittiham olunur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar