Bakıda agır yol qəzası
20 Dekabr 2010 Bazar Ertəsi 05:25
Hadisə minik avtomobilinin yolu keçməyə çalışan 3 piyadanı vurması nəticəsində baş verib
Ötən gecə Binəqədi rayonu Biləcəri qəsəbəsində bir nəfərin ölümü iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza yolu keçmək istəyən 3 piyadanın 1980-cı il təvəllüdlü Məmmədov Mehman Telman oğlunun idarə etdiyi “Bmw” markalı avtomobillə vurması zamanı baş verib.

Piyadalardan biri 45 yaşlı Tapdıq Quliyev aldığı xəsarətlər nəticəsində elə hadisə yerindəcə dünyasını dəyişib. Qəza zamanı xəsarət alan digər iki yaralı 51 yaşlı Nürəddin Ağayev və 55 yaşlı Aydın Göndəlov isə ağır vəziyyətdə təcili olaraq bir saylı xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Tapdıq Quliyev avtomobil təmiri sexində işləyirmiş. Quliyev həmin yerə qəza zamanı xəsarət alan Nürəddin Ağayevin xahişi ilə onun nasaz vəziyyətdə olan avtomobilini təmir etmək üçün gəlibmiş. Əcəl ustanı yolu keçib işinə başlamaq istəyən zaman elə yolda yaxalayıb.

Hadisədən sonra “Bmw”nin sürücüsü Mehman Məmmədov Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb.

Qəzanın dəqiq səbəblərinin müəyyən edilməsi üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar