Bakıda 50 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb
26 Mart 2012 Bazar Ertəsi 06:18
Həkimlər çoxlu qan itirən şəxsin həyatını xilas edə bilib.
Ötən gecə Bakının Yasamal rayonu Mətbuat prospekti keçmiş Musabəyov parkı kimi adlanan ərazidə bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 1962-ci il təvəllüdlü Abşeron rayon sakini Səfərov Yolçu Əsgər oğlu bədəninin müxtəlif nahiyyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralandıqdan sonra çoxlu qan itirən Yolçu Səfərov bir müddət huşsuz vəziyyətdə yaxınlıqdakı parkda qalıb. Yolçu Səfərov təsadüf nəticəsində həmin ərazidən keçən şəxslərin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanada həkimlər tərəfindən Səfərovun üzərində cərrahi əməliyyat aparılıb və onun həyatını xias etmək mümkün olub. Cərrah Alim Məmmədovun sözlərinə görə, yaralının xəsarətləri o qədər ağır olub ki, Səfərov xəstəxanaya bir qədər də gec çatdırılsa, qanitirmədən ölə bilərmiş.
Qeyd edək ki, hadisədən sonra Yasamal rayon polis idarəsi və 28-ci polis bölməsinin əməkdaşları ərazidə araşdırma aparıblar. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Yolçu Səfərovu bıçaqlamaqda şübhəli bilinən Valeh Zamanov saxlanılaraq istintaqa təhvil verilib. Həm zərərçəkən şəxsin, həm də ki, saxlanılan Valeh Zamanovun eyni yerdə işlədiyini bildirilir.
Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanılıb. İstintaq zamanı iş yoldaşları arasında yaranan qanlı mübazisənin hansı səbəbdən baş verdiyinə aydınlıq gətiriləcək.
DOSTLARINLA PAYLAŞ: