Bakı sakinini girov götürərək 150 min dollar müqabilində azadlığa buraxan cinayətkar qrupunu üzvlər
08 Avqust 2012 Çərşənbə 19:36
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi son vaxtlar törədilmiş ağır cinayətlərin üstünün açılması ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri ölkədə baş verən ağır və xüsusilə cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri barədə birgə məlumat yayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari il avqustun 3-də Goranboy rayonunun Şadlı kəndində, kənd sakini 78 yaşlı Dilarə Əliyevanın küt alətlə qətlə yetirilmiş meyiti həyətində aşkar edilib və fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qarət məqsədilə cinayəti törətməkdə şübhəli bilinən mərhumun həmkəndlisi və qohumu 26 yaşlı Amid Əliyev avqustun 4-də tutularaq istintaqa cəlb edilib. Prosessual araşdırmalar göstərib ki, Amid Əliyev avqustun 2-də saat 21.00 radələrində Dilarə Əliyevanın həyətində olarkən onu tövləyə aparıb tamah məqsədilə boğaraq öldürüb və mərhumun üzərindəki pulu götürərək qaçıb.

Başqa bir ağır cinayət hadisəsi Abşeron rayonunda törədilib. Avqustun 5-dən 6-na keçən gecə saat 04.00 radələrində rayonun Saray qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini 21 yaşlı Şamo Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib, həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib. Fakt üzrə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Məmmədovu qətlə yetirənin Tərtər rayon sakini 21 yaşlı Büsat Əliyev olması müəyyən edilib və o, tutularaq istintaqa təqdim edilib.

Digər cinayət hadisəsi Sabirabad rayonunda qeydə alınmışdır. Vətəndaş Səfiyyə Həşimova Sabirabad RPŞ-yə müraciət edərək rayonun Suqovuşan kəndində yaşayan qardaşı 48 yaşlı Zeynal Ələkbərovun itkin düşdüyünü bildirib. Bununla əlaqədar, Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Ələkbərovun ötən il yanvarın 16-da həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən öldürülməsi müəyyən edilib və o, tutulub. İlkin istintaqla o da məlum olmuşdur ki, Gülbəniz Ələkbərova keçən il yanvarın 16-da gecə saat 03.00 radələrində aralarındakı şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində əri Zeynal Ələkbərovun baş nahiyəsinə balta ilə vuraraq onu qəsdən öldürüb və meyiti yaşadıqları evin zirzəmisində basdırıb. İstintaq-əməliyyat qrupu tərəfindən zirzəmidə basdırılmış meyit çıxarılaraq müayinə olunub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd balta və digər maddi sübutlar götürülüb.

Böyük ictimai rezonansa səbəb olan daha bir cinayət isə paytaxtın Sabunçu rayonunda törədilib. Avqustun 1-də Bakı şəhər sakini Samir Hüseynov polisə müraciət edərək bildirib ki, iyulun 31-də saat 15.00 radələrində özlərini iş adamı kimi təqdim edən şəxslər onu birgə iş qurmaq adı ilə naməlum ünvana dəvət ediblər. O, həmin yerə gəldikdən sonra orada olan 3 kişi və 1 qadın bıçaqla onu hədələyərək əllərini bağlayıb azad olunması üçün 500 min dollar tələb etmişlər. Fiziki təzyiq nəticəsində Samir Hüseynov tanışları vasitəsilə 150 min dollar gətirdib. Pul verildikdən sonra həmin şəxslər hadisə yerindən gediblər. Zərərçəkən isə qollarını açaraq Polis Bölməsinə gəlib. Törədilmiş cinayət faktı ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri avqustun 8-də uğurla başa çatıb. Bu ağır cinayəti törədənlər - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Vüsal İsbatov, Mirsəfa Mirbabalı, eləcə də Əliağa Mirzəyev və Nübar Tarverdiyeva müəyyən edilərək saxlanılıb. Hazırda qeyd edilən cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar