Bakı sakini özünə qəsdə təşəbbüs edib
11 Mart 2011 Cümə 06:11
Yaralının vəziyyəti həkimlər tərəfindən qənaətbəxş hesab olunur
Ötən gecə Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Sərxoş paytaxt sakini özünə bıçaqla xəsarət yetirib. Hadisə rayonun Mərdanov qardaşları küçəsi, dalan 2, ev 12-də qeydə alınıb. Özünə bıçaq xəsarətləri yetirən isə həmin ünvanda yaşayan Dadaşzadə Salam Ağacəbir oğlu olub.

Yaralı ailəsi tərəfindən dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəni müayinə edən həkim-cərrahın sözlərinə görə, xəstəxanaya daxil olarkən Salam Dadaşzadə kəskin sərxoş vəziyyətdə olub. Onun özünə xəsarət yetirməsi də elə bununla əlaqələndirilir. Bununla belə, həkimlər vaxt itirmədən yaralınının üzərində cərrahi əməliyyat aparıblar: “Ailə üzvlərinin dediyinə görə xəstədə sərxoş vəziyyətdə psixi oyanma olub və sui-sid, yəni özünə qəsd olub. Bıçağı götürüb özünə xəsarət yetirib. Qarının ön divarındakı yaranı təftiş etmək üçün onu əməliyyat otağına apardıq və lazımi işləri gördük. Piy qatının kəsilməsi var idi. Yara təftiş olundu, tikildi. Hazırda sonrakı müayinə və müalicə üçün reanimasiya şöbəsinə vermişik”.

Yaralının vəziyyəti həkimlər tərəfindən qənaətbəxş hesab olunur. Faktla bağlı Nəsimi rayon polis idarəsində araşdırmalar aparılır. İdarənin əməkdaşları hadisənin hansı zəmində baş verməsini müəyyən etmək üçün yaralının yaxınlarının ifadəsini alıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar