Azərbaycanda sərnişin mikroavtobusu aşıb
04 Avqust 2012 Şənbə 14:28
Ələt-Astara magistral yolunun 84-cü km-də qeydə alınan hadisədə 4 nəfər xəsarət alıb.
Azərbaycanın Salyan rayonunda baş verən yol qəzasında sərnişin mikroavtobusu aşıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 09.30 radələrində Ələt-Astara magistral yolunun 84-cü kilometrliyində, Salyanın Şorsulu kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Təzə Alvadı kənd sakini, 50 yaşlı Mirzə İdris oğlu Rufullayevin idarə etdiyi “Ford” markalı sərnişin mikroavtobusu Bakı istiqamətində hərəkətdə olarkən yoluna çıxan traktora çırpılıb.
Nəticədə mikroavtobus idarəetməni itirib və bir neçə dəfə yuvarlanaraq 50 metr aralıda yolun kənarına düşüb. Qəza zamanı mikroavtobusun sürücüsü Mirzə Rufullayev, Yardımlının Vərdəgöz kənd sakini, 22 yaşlı Hicran Vaqif qızı Əhədova, Bakı şəhər sakini, 65 yaşlı Əlamət Feyruz qızı Əsgərova və Masallının Qızılağac kənd sakini 50 yaşlı İsabala Abdulxalıq oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan sürücü də daxil olmaqla, 2 nəfərə ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Ağır yaralanan Hicran Əhədovanın hər iki ayağı amputasiya olunub.
Faktla bağlı BDYP-nin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: