Azərbaycanda cinsi azlıqları öldürməkdə təqsirləndirilən şəxslər tutulub
14 Avqust 2010 Şənbə 10:25
Azərbaycan paytaxtında cinsi azlıqları öldürməkdə təqsirli bilinən şəxslər həbs edilib. Bu barədə APA-ya Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisəni üç nəfər törədib. Onlar Bakı şəhər sakinləri Zaur, Qəhrəman və Məqsəd adlı şəxslərdir. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər bu gecə saat 04:00 radələrində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar. Onlar ilkin dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf etməklə yanaşı, qətli məqsədli şəkildə həyata keçirdiklərini qeyd ediblər. Belə ki, saxlanılan şəxslərin sözlərinə görə, onların homoseksualistlərdən xoşları gəlməyib. Məhz bu səbəbdən də həmin şəxsləri qətlə yetiriblər.
Qeyd edək ki, məlum qətl hadisəsi avqustun 11-i Yasamal rayonu Hüseyn Cavid prospekti 546, mənzil 194 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan iki nəfər naməlum şəraitdə öldürülüb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öldürülən şəxslərin cinsi azlıqların nümayəndələri, 1982-ci il təvəllüdlü Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olduğu məlum olub.
Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: