Azərbaycanda BMT əməkdaşının anasını qətlə yetirən şəxsin mənzildə olan 25 min manatı apara bilməm
22 Fevral 2012 Çərşənbə 14:39
Azərbaycanda BMT əməkdaşının anasının qətlə yetirən şəxs istintaqa ifadə verib.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 23 yaşlı Natiq Hümbətov ifadəsində 74 yaşlı təqaüdçünü qarət məqsədi ilə öldürdüyünü etiraf edib. Mərhum Elmira İsmayılovanı mütəmadi olaraq təqib etdiyini qeyd edən N. Hümbətov qadını öldürmək üçün mənzilə daxil olanda özü ilə benzin də götürdüyünü bildirib. Qadını yaşadığı evin mətbəxində öldürdükdən sonra N. Hümbətov izi itirmək məqsədi ilə mənzili yandırmaq qərarına gəlib. Bu niyyətlə o, özü ilə gətirdiyi benzini meyitin üzərinə və otaqlara töküb. N. Hümbətov meyitə od vuraraq evdə olan 25 min manat pulu götürmək istəyib. Lakin alov sürətlə bütün evi bürüyüb, yanğından təlaşa düşən N. Hümbətov pulu götürmədən evdən çıxıb.
Polisdən o da bildirilib ki, yanğının qarşısı tez alındığı üçün evdə olan pullar yanmayıb.
Qeyd edək ki, qətl hadisəsi fevralın 17-də gecə saatlarında paytaxtın Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin mərhumun qonşusu Natiq Hümbətov olduğu müəyyənləşib və o saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
DOSTLARINLA PAYLAŞ: